Birinci xanım Fransada - FOTOLAR

Birinci xanım Fransada - FOTOLAR
  04 Sentyabr 2015    Oxunub:2670
Sentyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, son illərdə Fransa paytaxtında Azərbaycan ilə bağlı mədəniyyət tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə Parisdə təşkil olunan mədəniyyət tədbirlərinin Fransa ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılandığı diqqətə çatdırılıb, bu layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Mehriban Əliyevaya meriyanın binasının tarixi və memarlıq quruluşu barədə məlumat verilib. Bildirilib ki, 1-ci rayonunun meriyası Parisin mərkəzində yerləşir və Fransa memarlığının nadir inciləri sırasındadır.

***
Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi açılıb.

Daha sonra Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib.

Birinci xanım Mehriban Əliyeva Reza Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışdı, bu kitabların ölkəmizin tanıdılması baxımından əhəmiyyətini vurğuladı.

Daha sonra milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı oldu.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da açılış mərasimində iştirak etdiyi “Azərbaycan şəhərciyi” Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır.

Mərasimdə çıxış edən Mehriban Əliyeva bildirdi ki, həm Paris sakinləri, həm də bu şəhərə gələn turistlər Azərbaycan şəhərciyində ölkəmiz haqqında dolğun məlumat ala biləcəklər.

Bu şəhərciyin hazırlanmasında və layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlığını bildirən Mehriban Əliyeva son illərdə təkcə Parisdə deyil, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərinin keçirildiyini və bunun böyük maraqla qarşılandığını vurğuladı. Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərə böyük önəm verdiyini qeyd edən Mehriban Əliyeva son illər bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və bu əlaqələrin genişləndiyini bildirdi. Diqqətə çatdırdı ki, xalqların, insanların daha yaxın olmasında mədəniyyət tədbirləri böyük əhəmiyyət daşıyır və Fransa-Azərbaycan münasibətləri bu sahədə son illər tamamilə yeni səviyyəyə qaldırılıb. Mütəmadi olaraq Fransada Azərbaycan mədəniyyət günləri keçirilir, bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi, mədəniyyəti tədris olunur. Bakıda fransız liseyi fəaliyyət göstərir, Azərbaycan-Fransa universitetinin yaradılmasına dair niyyət məktubu imzalanıb, 3 ildir ki, Kann şəhərində Azərbaycanın mədəniyyət günləri keçirilir və bu, gözəl ənənəyə çevrilib.

Qalereya




Teqlər:  



Xəbər lenti