Ermənilərin güllələdiyi Tovuz sakinlərindən xəbər var

Ermənilərin güllələdiyi Tovuz sakinlərindən xəbər var
  04 Sentyabr 2015    Oxunub:2849
“Ermənistan ordusu dünən saat 20:30 radələrindən etibarən atəşkəsi pozaraq yenə də Tovuz rayonunun ön cəbhədə yerləşən Əlibəyli kəndi istiqamətində bir neçə saat mülkü insanları, evləri hədəfə alıb”.
AzVision.az-ın məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, düşmənin açdığı atəş nəticəsində bir neçə kənd sakini yaralanıb: `Kənd sakinləri 87 yaşlı İsə Musayev və onun həyat yoldaşı 83 yaşlı Sehran Musayeva qəlpə yaraları alaraq yaralanıblar. Əslində yaşlı insanları hədəfə almaq Ermənistan adlı dövlətin siyasətinin mahiyyətindən xəbər verir. Tez-tez rayonun baş həkimi və həkimlərlə danışırıq. Sehran xalanın əməliyyatı yaxşı keçib, vəziyyəti çox şükr yaxşılaşır. Allahın və həkimlərimizin köməyi ilə İsə dayı və Sehran xalanın həyati təhlükəsi artıq yoxdur.

Bir az öncə İsə dayı ilə də danışdım. İnşallah yaxın günlərdə sağalıb sevənlərinin yanına,evlərinə qayıdacaqlar. Onları üçün dualarınızı əksik etməyin. İsə dayı və Sehran xalanı Allah qoruyub`.

Millət vəkili vurğulayıb ki, Ermənistan silahlı qüvvələri mülkü insanları,onların evlərini hədəfə almaqda davam etməklə vandalizm əməllərindən əl çəkmədiklərini bir daha nümayiş etdirirlər. Xeyli sayda kənd sakininin evini hədəfə alaraq zərər vurublar.

`Tez-tez kənd icra nümayəndəsi və sakinlərlə danışırıq. Silahlı Qüvvələrimiz düşmənə layiqli cavab veriblər. Amma təəssüf ki, Ermənistan silahlıq qüvvələri məhz mülkü insanlara qarşı bir çirkin, insanlıqdan kənar əməllərindən əl çəkmirlər. Yenə də vurğulayıram, Əlibəyli insanları mərd,cəsur,qorxmaz insanlardır və düşmən bu kimi çirkin əməlləri ilə onları qorxuda bilməz.

Üstəlik ordumuz, hərbiçilərimiz də düşmənə hər zaman layiqli cavablarını verirlər və insanlarımızı qorumaq üçün əllərindən gələni edirlər. Mülkü vətəndaşlara qarşı Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktlarına göz yuman, seyrici yanaşan və heç bir ciddi reaksiya verməyən beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupu, Avropa Şurasını, BMT-nı, ATƏT-i, beynəlxalq qeyri-hökumət təşkilatlarını buna seyrici qalmamağa, rəsmi İrəvanın bu addımlarına qarşı etiraz səslərini ucaltmağa çağırırıq. Allah hər zaman öncəbhədə yaşayan insanlarımızı və ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizi qorusun.Dualarınızı onlardan əksik etməyin`.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti