“Mehriban Əliyeva bütün qadınlara örnəkdir” – Bahar Muradova

“Mehriban Əliyeva bütün qadınlara örnəkdir” – Bahar Muradova
  04 Sentyabr 2015    Oxunub:3260
“Biz hansısa bir çətin işin qulpundan yapışanda, hansısa bir ciddi layihənin arxasınca gedən zaman gözümüzün önündə Mehriban xanımın uğurlu fəaliyyəti bir nümunə kimi dayanır. Onun fəaliyyətindən ruhlanırıq. Dövlətimizin qayğısını öz üzərimizdə hiss edirik. Çətin məsələ qarşısında heç bir qorxu hissi keçirmirik. Cəsarətlə irəli gedirik”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Vitse-spiker son günlər Azərbaycanda xanımların dövlət səviyyəsində yüksək vəzifələrə təyin olunmasına münasibət bildirərək bu addımı yüksək qiymətləndirdiyini bildirib.

B.Muradova nazir və icra başçısı kimi məsul vəzifələrə təyin olunan xanımları təbrik edib və öz fikirlərini bölüşüb: “Düşünürəm ki, idarəetmədə, hakimiyyətin ən müxtəlif pillərində kadr siyasəti həyata keçirən zaman işçilərin kişi və ya qadın olmasına diqqət yetirmək düzgün olmazdı. Fikrimcə, seçimlər zamanı insanların peşəkarlığına və vəzifələrini layiqincə yerinə yetirə biləcəklərinə əmin olmaq lazımdır.

Bu kriteriyalara həm qadın, həm də kişilər uyğun gələ bilərlər. Cins fərqi hansısa bir maneəyə çevrilməməlidir. Qadınların təmsilçilik məsələsi reallıqda bir faktdır. Biz bunu inkar edə bilmərik. Dünyanın əksər ölkələrində bu belədir. Əks təqdirdə “qadın hərakatı” deyilən bir hərəkat meydana gəlməzdi. Bəzi ölkələrdə qadınların iş yerlərində təmsil olunmaları ilə bağlı müəyyən kvotalar tətbiq olunur. Azərbaycanda da hər zaman qadınların cəmiyyət həyatındakı rolu dəyərləndirilir. Qadınların həm bir pəşəkar, həm də cəmiyyətin fəal bir üzvü kimi tanınması üçün istər dövlət, istərsə də cəmiyyət səviyyəsində hər zaman müzakirələr gedib. Siyasətdə qadınların fəal şəkildə təmsil olunmaları ilə bağlı aparılan müzakirələr zamanı isə bu istiqamətdə müəyyən çağırışlar da olur”.

Vitse-spiker vurğulayıb ki, ümumilikdə mərhum Heydər Əliyevin zamanında olduğu kimi İlham Əliyevin də prezidentlik dövründə qadınların irəli çəkilməsi ilə bağlı mühüm addımlar atılıb.

“Hər zaman vurğulamışam ki, istək və həvəslərinə uyğun olaraq bizim qadınların təmsilçilikləri məsələsinə dövlət səviyyəsində xüsusi diqqət yetirilib. İcra baçıları, onların müavinləri çox vaxt qadınlar olub. Vaxtilə sovet dövründə Kommunist partiyalarının bölgə təmsilçiliklərində də qadınlar olub. Onlar çox yaxşı işlər görüblər.

Hazırda gender bərabərliyinin təmin olunmasına dair bizim müvafiq qanunverici bazamız var. Buna uyğun olaraq, müəyyən öhdəliklərimiz mövcuddur Bunlar mənəvi öhdəliklərdir.

Yeni Azərbaycan Partiyasında da qadınların təmsilçiliyinin daha da artması ilə bağlı öhdəliyi Ccənab İlham Əliyev öz üzərinə götürüb. Bunu real həyatda görən qadınlar isə daha da sevinirlər, onlarda təmsilçilik ruhu yüksəlir. Bu addımına görə cənab prezidentə təşəkkür edirik. Bütün bunlar qadınlarımıza daha da peşəkar olmaları, rəqabətə davam gətirmələri üçün stimul olur.

Qadınlar öz üzərlərində çalışıb pəşəkarlıqlarını artırdıqca, ən ciddi rəqib olan kişilərlə də rəqabət apara və daha da yüksək vəzifələrə təyin oluna bilərlər. Ona görə mən bu günlərdə yüksək vəziflərə təyin olunan xanımlarımızı təbrik edirəm. Digər qadınlarımızı da cəsarətli olmağa çağırıram”.

B.Muradova həmçinin üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasının parlament seçkiləri öncəsi qadınlara qarşı apardığı siyasətə də münasibət bildirib.

O, qeyd edib ki, növbəti seçkilər zamanı qadınlar fəal şəkildə partiyada təmsil olunacaqlar: “Qadınların təmsilçilik məsələsi Yeni Azərbaycan Partiyasının tutduğu prioritet istiqamətlərdən biridir. İstər partiyanın təşkilati strukturunda, istərsə də namizədlər irəli sürülərkən inandığımız, etibar etdiyimiz, qabiliyyətinə əvvəlcədən müəyyən qədər əmin olduğumuz qadınların daha ciddi vəzifələrə təyin olunmasına hər zaman çalışmışıq. Bu yanaşma ilə bağlı ölkəmizdə Yeni Azərbaycan Partiyasına rəqib ikinci bir partiya yoxdur.

Yeni Azərbaycan Partiyası qadınlara bütün istiqamətlərdə “yaşıl işıq” yandırılması istiqamətində çox fəal və prinsipial mövqeydədir. Növbəti seçikilərdə də bu belə olacaq. Düşünürəm ki, bu ildə Yeni Azərbaycan Partiyası çalışacaq ki, seçki kampaniyasına daha çox qadın namizələrlə qoşulsun və seçkini daha çox qadın deputatlarla başa vursun”.

Vitse-spiker həmçinin bu il ölkədə keçiriləcək parlament seçkilərində özünün də təmsil olunması məsələsinə münasibət bildirib. Vitse-spiker həmçinin qeyd edib ki, seçkilərdə iştirakı məsələsi üzvü olduğu partiyanın qərarına bağlıdır: “Mən 3 dəfə millət vəkili seçilmişəm. Hər dəfə də namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Heç vaxt fərdi qaydada namizədliyimi irəli sürməmişəm. Bu partiyanın qərarına bağlı olan bir məsələdir. Hələ partiyanın qərarı açıqlanmayıb . Bununla bağlı hazırkı vaxtda heç bir şərh verə bilmərəm”.

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uğurlu fəaliyyəti hər kəs üçün bir nümunədir: “Azərbaycanda qadın siyasəti rəsmi dövlət siyasətidir. Hələ lap öncələr bu siyasət mərhum prezident Heydər Əliyevin hakimiyyəti illərində həyata keçirilirdi. Bu da boş yerdən yaranmayıb. Bu Azərbaycanın milli adət-ənənələrinə, qanunlarına, xalqın təfəkkür və mentalitetinə bağlı olan bir məsələdir. Yəni, Azərbaycan qadını hər zaman cəmiyyət həyatında üstün mövqe tutmalıdır.

Başqa ölkələrdən fərqli olaraq bizim qadına olan münasibətimiz belə şərtlənir.İndiki hökumətimiz də bu siyasəti həyata keçirir. Bu da cəmiyyətin müxtəlif sferalarına öz təzahürünü göstərir. Buna örnək Mehriban xanımın uğurlu fəaliyyətidir. Bunu heç kəs inkar edə bilməz. Mehriban xanımın fəaliyyəti təkcə Azərbaycan xanımları üçün deyil, bütün dünya qadınlarına, birinci xanımlara bir örnəkdir. Onlar da müasir dövrün bu nümunəsindən yaralanmağa çalışırlar. Bizim üçün isə qürur və fəxredici bir faktordur”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti