Avarçəkənlərimiz Olimpiya Oyunlarına lisenziya qazandılar
Beləliklə, ölkəmiz akademik avarçəkmə növündə ardıcıl ikinci dəfə olimpiadada təmsil olunacaq. 2012-ci il London Yay Olimpiya Oyunlarında Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 2000 metr məsafəyə yürüşdə mübarizə aparmışdı. Həmin ərəfədə keçirilmiş olimpiya təsnifat reqatasında isə Aleksandr Aleksandrov - Boris Yotov dueti olimpiya təsnifat reqatasının A finalında 3-cü yeri tutaraq, lisenziyasız qalmışdı. Amma ötən dövrdə həm Aleksandrov, həm də Yotov istər fərdi, istərsə də qoşa mübarizədə xeyli təcrübə toplayıblar. Cəmi 19 yaşı olan Yotov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, hazırda akademik avarçəkmə növündə Azərbaycanın ilk olimpiya mükafatçısı sayılır. Aleksandrov isə 2013-cü ildə 23 yaşadək akademik avarçəkənlər arasında 1 nəfərlik qayıqla dünya çempionu, 2014-cü ildə Yotovla birgə 2 nəfərlik qayıqla Avropa vitse-çempionu olub.
Ümumilikdə, Azərbaycan Milli Avarçəkmə Federasiyası 2015-ci ili 4 olimpiya lisenziyası ilə başa vurub. Üstəlik, lisenziyalar London olimpiadası ilə müqayisədə, yalnız akademik avarçəkmə və kanoedə deyil, həm də kayak növündə əldə olunub. Qadın kayakçımız İnna Osipenko-Rodomska 1 nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçimiz Valentin Demyanenko isə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Qeyd edək ki, növbəti lisenziya şansları gələn ilin mayında keçiriləcək təsnifat reqatalarında veriləcək.