Əli Kərimlinin heç Ə-si cəbhəçi deyil

Əli Kərimlinin heç Ə-si cəbhəçi deyil
  07 Sentyabr 2015    Oxunub:5727
Əli Kərimli və onun komandası AXCP-də yenilik tərəfdarı olan cəbhəçilərə qarşı qaralama, şər-böhtan kampaniyasını davam etdirir. Onun dəstəsinin bu kampaniyada ən “fəallarından” olan Gözəl Bayramlı sosial şəbəkədə SSRİ idman ustası, Əməkdar məşqçi Əli Sarıyevə qarşı məntiqə sığmayan iddialar irəli sürüb.
O, Ə.Sarıyevin Birinci Avropa Oyunlarının məşəlini Beyləqan şəhərində daşımasını satqınlıq kimi dəyərləndirib. Maraqlıdır, yunan-Roma guləşi üzrə 12 dəfə Azərbaycan çempionu, SSRİ idman ustası, Əməkdar məşqçi olan bir şəxsin beynəlxalq yarışdakı fəallığında qeyri-adi olan nədir? Bir idmançının idman məşəli daşıması nə zamandan satqınlıq olub? Bunun müxalifət-iqtidar məsələlərilə nə əlaqəsi var? Məsələni siyasiləşdirmək nə qədər etikdir?

Qeyd edək ki, Gözəl Bayramlı statusunda yazmışdı: “Bu adamı Elturan Mürsəlzadə adlı bir satqın Əli Zöhraboğlu adı ilə Beyləqan cəbhəçisi kimi Razi Nurullayevə satıb. Beyləqan Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi Əli Sarıyev sən demə, 2015-ci il Avropa oyunlarının məşəlini Beyləqanda qəbul edən adamdır. Şərhə ehtiyac varmı?!...”

Cebhe.info xəbər verir ki, məsələyə münasibət bildirən Əli Sarıyev cəbhəçiliyinə şübhə ilə yanaşanlara sərt cavab verib. Əməkdar məşqçi uzun illər AXCP-nin sıralarında haqq-ədalət uğrunda mübarizə apardığını bildirib: “Mən 1989-cu ildən AXC-nin üzvüyəm. 1995-də AXCP-yə üzv olmuşam. 1996-da AXCP Dünyamalılar dayaq dəstəsinin sədri, 2001-ci ildə AXCP Beyləqan şöbəsi NTK sədri, 2008-də AXCP Beyləqan şöbəsində Məclis sədri, 2010-2012-ci illərdə AXCP Beyləqan şöbəsi sədrinin müavini, 2012-2015-də Dünyamalılar dayaq dətəsinin sədri olmuşam. Əli Kərimli mənim cəbhəçiliyimi yaxşı bilir. Mən cəbhəçi olanda, Əli Kərimlinin heç “Ə”si və “K”si cəbhəçi deyildi”.

Məşəl daşıması məsələsinə də toxunan Əli Sarıyev qeyd edib ki, bu işin ona həvalə olunması bir idmançıya, məşqçiyə olan etimadın göstəricisidir: “Məşəl məsələsinə gəlincə... Mən yunan-Roma güləşi üzrə 12 dəfə Azərbaycan çempionu, SSRİ idman ustası, əməkdar məşqçiyəm. Məşəli daşımaq Beyləqanda mənə, ən titullu idmançıya həvalə olundu. Dövlətin mənə etimadını Əli Kərimlinin şəxsi və səfeh ambisiyalarına görə doğrultmamalıydım? Əlbəttə ki, doğrultmalıydım və düz də etdim”.

Qeyd edək ki, Əli Sarıyev Əli Kərimlinin sədrlik etdiyi AXCP qanadından imtina edərək, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə qoşulub. Ona qarşı qaralama kampaniyasına da məhz bundan sonra start verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti