Zəlzələdə evi dağılanlardan çadırsız qalanlar var

Zəlzələdə evi dağılanlardan çadırsız qalanlar var
  07 Sentyabr 2015    Oxunub:1946
"Zəlzələdən sonra kənd sakinlərinə çadırlar paylanılıb. Lakin bəzi sakinlərə çadır çatmayıb. Daha 10 çadır verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına müraciət etmişik".
Bu sözləri Anspress-ə açıqlamasında Bolludərə kənd bələdiyyəsinin sədri Mehman Rəcəbov deyib.

Onun sözlərinə görə, bu günə qədər zəlzələdən daha çox dağıntıya məruz qalan Bolludərə və Qaratorpaq kəndinə ümumilikdə 15 çadır paylanıb.

"Şəkidə baş verən zəlzələ vaxtı evləri uçan sakinlərə Fövqaladə Hallar Nazirliyi (FHN) tərəfindən çadırlar paylanır. Paylanan 15 çadırdan 12-si Qaratorpaq kənd sakinlərinə, 3-ü isə bizim kəndin sakinlərinə verilib. Daha 10 çadır verilməsi üçün FHN əməkdaşlarına müraciət etmişik. Onlar əraziyə baxış keçirib ehtiyac bildikləri halda çadırlar gətirəcək və evləri dağılan sakinlərə paylanacaq" - deyə bələdiyyə sədri deyib.

Sədr həmçinin Bolludərədə 87 evin dağıldığını, lakin qəzalı evlərin Qaratorpaq kəndində daha çoc olduğunu da əlavə etdi

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən isə qəzalı obyektlərin təmirinə başlanacağı tarixlə bağlı onu dedilər ki, baş vermiş zəlzələnin vurduğu ziyanın dəqiqləşdirilməsi məqsədi ilə şəhər rəhbərliyi, rayon fövqəladə hallar komissiyasının üzvləri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən rayonun qəsəbə və kəndlərində, o cümlədən şəhər ərazisində zədələnmiş fərdi evlərə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə, həmçinin sosial obyektlərə baxış keçirilir.

"İlkin baxış zamanı Şəki şəhərində, Turan qəsəbəsində, Bolludərə, Qaratorpaq, Çayqaraqoyunlu, Aşağı Daşağıl, Aydınbulaq, Göybulaq, Əliyar, Cəyirli, Qozlubulaq, Oxud, Aşağı Küngüt, Çeşməli, Şəki kənd, Köbər Zəyzid, Şirinbulaq, Dərəcənnət və Cəfərabad kəndlərində ümumilikdə 240 fərdi evin divarlarında çatlar əmələ gəldiyi müəyyən olunub. Bundan əlavə, şəhər və kəndlərdə 27 məktəb binasının, Şəki Dövlət Dram Teatrının, Tarix-Diyarşünaslıq Muzeyinin, Şəki Əlillərin Regional Bərpa Mərkəzinin, Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin, Şəki şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Turan qəsəbəsində və Qaratorpaq, Aydınbulaq, Qayabaşı kəndlərində yerləşən kitabxana binalarının divarlarında da çatlar yaranıb."-deyə mətbuat xidmətindən bildirdilər.

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəlzələ nəticəsində dəymiş ziyanın dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Avqustun 4-ü səhər yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km cənub-şərqdə zəlzələ qeydə alınmış, episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunmuşdu.

Zəlzələ Şəki ilə yanaşı Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən və digər ətraf rayonlarda hiss edilmişdi.



Teqlər:





Xəbər lenti