Erməni ilə dostluq HAYındakılar

Erməni ilə dostluq HAYındakılar
  08 Sentyabr 2015    Oxunub:3329
Tural İsmayılov

Savaş filmlərini çox izlədiyindən, ya nədənsə bəzi adamlar indi zərərli tendensiyaları adi həqiqət kimi insanlara sırımağa çalışırlar. Dünyada hansı ölkələr savaşı bitirməmiş bir-birilə vətəndaş dialoquna cəhd edib? Belə bir hal tarixin hansı dövründə baş verib ki, indi də bu tip zərərli fikirləri insanlara aşılamaq cəhdlərinə yol verilir?


Liberal demokratiya yalanının süni təsirlərini insanlar arasında yaymaq cəhdləri isə nəticəsiz və boşdur. Yüzillik müharibə sonrasında olan əlaqələri arqument kimi göstərmək də əbəsdir. Hətta Amerika və Yaponiya arasında əlaqələrin düzəlməsini də heç bir formada nümunə saymaq olmaz.

Dünyanın gözü qarşısında iki atom bombası ataraq saysız insanı qətl edən Amerika “yankiləri” ilə əlaqəni savaş anında irəli sürmək istənilən bir samuray ruhlu yapon üçün əsəblərin qovğadan çıxması üçün son hədd olardı. Savaş və atəşkəs halındakı iki ölkə arasında təmas ancaq diplomatik xarakterli ola bilər, qalan hallardakı bütün təmaslar isə istənilən halda şübhəlidir.

Ermənilərin tarix boyu yerləşdikləri bölgədə etdikləri xəyanətlərin izahı yoxdur və ümumiyyətlə, onların xəstələndiyi etnik şovunizm ideyası yalnız bir xalq üçün yox, bütün dünya insanı üçün təhlükəlidir. Bir neçə yaşanmış və deyilən hadisələri xatırlatmaq istəyirəm.

Qonşumuz danışırdı ki, o vaxt Xankəndində hələ ara qarışmamış vaxtlarda erməni qonşuları var imiş. Deyir, hətta bir dəfə ermənilərin türklərə qarşı tarix boyu törəytdiyi qətliamlarla bağlı bir yazı oxuyanda həmin erməni qonşular gülüşmüş və bütün olanları siyasi oyun adlandırmışdı.

Xankəndinin işğalı günlərində isə gördüklərindən dəhşətə gəldiyini söyləyir. Bir yerdə çörək yediyi, mehriban olduğu, işə düzəltdiyi erməni qonşular maşınların üstündə pəncərələrə daşlar atır, hətta gizlənən azərbaycanlı ailələri quldurlara nişan göstərirmiş.

Bir qohumum da buna bənzər bir hadisəni nəql edirdi. Deyir ki, universitet vaxtı fiziki cəhətdən zəif bir erməni uşağı var imiş. Dostları və qohumum həmin erməni uşağı qoruyurmuş və nə problemi olurdusa, kömək edirlərmiş. Lakin illər sonra, müharibədə əsir düşəndə azərbaycanlı qadınları diri-diri yandıran əsgərlər arasında onu görəndə mat-məəttəl qaldığını bu gün də hikkə boğa-boğa danışır.

Ermənilərin tarixi xəyanətləri yalnız Qarabağı işğal etməsiylə yekunlaşmır. Osmanlı dönəmində ilk xəyanətkarlar və xarici qüvvələrlə iş birliyinə girənlər ermənilər deyildimi? 19-cu əsrin sonları, 1905-ci il, 1911-1915-ci illər, 1918-ci illərdə soyqırımlar və qətliamlar törədən xalqın nümayəndələri ilə əlaqələrdən sonra Xocalı faciəsini yaşamadıqmı?

Ermənilərin Dağlıq Qarabağda törətdiyi qətliamlar hələ bilinən faciədir.

Mənim ailəm Qazaxda yaşayırdı. Babam və nənəm ailə üzvlərimin gözü qarşısında erməni güllələri ilə tikə-tikə olmuşdu. O olaylarda anamın aldığı psixoloji zərbənin təsirini hələ də onda görürəm. Əmimin bədənindən saysız qəlpələr çıxarıldı və beləliklə, ailəmizin taleyi həmişəlik ağır bir yara aldı.

Faşist hökümətə səs çıxarmayan xalq da günahkardır.

Və inanın ki, bizim torpaqlarımız işğaldan azad olunmamış ermənilərlə ünsiyyətdən danışmaq yanlış və zərərli olmaqdan ziyadə, öz millətinin həlak olmuş günahsız insanlarına qarşı edilən ayıbdır.


Teqlər:  





Xəbər lenti