`Vidalaşmaq istəmirəm...` - Habil Əliyevlə son görüş

`Vidalaşmaq istəmirəm...` - Habil Əliyevlə son görüş
  09 Sentyabr 2015    Oxunub:11168
Azərbaycanın Xalq artisti, görkəmli kaman ustası Habil Əliyevlə Azərbaycan Dövlət Filarmoniyasında vida mərasimi keçirilir.
AzVision.az xəbər verir ki, bir çox sənət adamları vida mərasimində iştirak edirlər.

Habil Əliyevin oğlu Rəvan Habiloğlu atasının dünyadan nakam köçmədiyini deyib: “Atam nəvə, nəticə gördü. Onun elə bir arzusu qalmadı ki, yerinə yetməsin. Bircə arzusu var idi , o da ayağa qalxıb sənətini davam etdirmək idi. Atam xoşbəxt uyusun”.

Müğənni Röya Ayxan vida mərasimində Habil Əliyevin ölümündən kədərləndiyini söyləyib. O, hələ uzun illər Azərbaycanda kaman səsinin eşidilməyəcəyini deyib: “Hətta mənə İrandan zənglər gəlir, başsağlığı verirlər. İndi bilirəm ki, Habil Əliyev fenomeni nə deməkdir”.

Habil Əliyevlə vida mərasiminə tanınmış sənət adamları Aybəniz Haşımova, Əlibaba Məmmədov, Faiq Sücəddinov və başqaları da qatılıb.

Əlibaba Məmmədov Habil Əliyevin əvəzolunmaz kaman ustası olduğunu deyib:`Habil tayı- bərabəri olmayan kaman ustası idi. Siz Azərbaycanda onun kimi ikinci ustad tapa bilmərsiniz. Sənətkarı el sevirsə, ona heç dağ da bata bilməz`.

Aybəniz Haşımova isə Habil Əliyevlə vida mərasiminə gəlmək istəmədiyini deyib: `Onunla vidalaşmaq istəmirəm. O mənim üçün ata kimiydi. İndi onunla vidalaşmaq çox çətindir. Ancaq bir gün biz o dünyada yenə də qarşılaşacağıq`.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti