Romada qadın rəssamlarımızın sərgisi keçiriləcək

Romada qadın rəssamlarımızın sərgisi keçiriləcək
  13 İyun 2013    Oxunub:2057
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan şairi Nizami dünyasının rəngləri” layihəsini həyata keçirir.
Layihə çərçivəsində iyunun 17-dən 22-dək Romada Azərbaycan və İtaliya qadın rəssamlarının birgə sərgisi təşkil olunacaq. Sərgidə iki ölkənin gənc qadın rəssamlarının Nizami Gəncəvinin əsərlərinə çəkdiyi rəsmlər nümayiş olunacaq.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasını professoru Şəhla Nağıyevanın bildirdiyinə görə sərgidə Azərbaycanı Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənova, İtaliyanı isə iki gənc qadın rəssam təmsil edəcək. Sərgi Romanın məşhur “Galleia d’Arte Consorti” rəsm qalareyasında keçiriləcək.

Sərginin uğurlu təşkili üçün Azərbaycanın İtaliyadakı səfirliyi, İtaliya-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan parlamentinin Azərbaycan-İtaliya dostluq qrup ictimai birliyə yaxından kömək edir.

Şəhla Nağıyeva əmin olduğunu bildirib ki, bu tədbir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin İtaliyada təbliğinə yardımçı olacaq, iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Məlumat üçün bildirək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi bundan əvvəl ABŞ-ın Corc Meyson Universitetində və Almaniyanın Berlin şəhərində də oxşar sərgilər keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti