Prezidentin dediyi, çoxlarının bilmədiyi faktlar

Prezidentin dediyi, çoxlarının bilmədiyi faktlar
  10 Sentyabr 2015    Oxunub:11431
Sentyabrın 8-də Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib.

Müşavirədə çıxışı zamanı ölkə başçısı bildirib ki, bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir.
Ölkə başçısının sözlərinə görə, 6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq.

“Ümumi daxili məhsul təxminən 6 faiz artıb. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artıb. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artıb. Qeyri-neft sənayesi 14 faiz artıb. Yəni, bu, böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq.

İkincisi, biz uzun illər düşünülmüş iqtisadi siyasət əsasında islahatlar aparmışıq. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir”.

Ölkə başçısı çıxışında daha sonra qeyd edib ki, bu il “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib.

“Bizim “BBB-” səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir. Bunu geniş ictimaiyyət bəlkə də bilmir və mətbuatda da çox qısa bir xəbər kimi təqdim edilib. Halbuki bu, çox böyük hadisədir. İndi başqa ölkələrin kredit reytinqlərinə baxsınlar, hamısı aşağı düşür. Azərbaycanda bu reytinq sabitdir”.

Ölkə başçısının müşavirədə çıxışı zamanı toxunduğu əsas məsələlərdən biri də ölkəmizin “Fitch” reytinq agentliyi tərəfindən yüksək qiymət alması ilə bağlı idi.

İqtisadçı Vüqar Bayramov bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, “Fitch" reytinq agentliyi dünyanın tanınmış kredit reytinq agentliklərindən biridir və ölkələrin kredit reytinqini müəyyənləşdirir.



Ekspertin sözlərinə görə, bu agentlik ölkələrin kredit reytinqlərini müəyyənləşdirən zaman ölkədəki mövcud vəziyyət və eyni zamanda gələcək inkişafla bağlı proqnozları nəzərə alaraq dəqiq qiymətləndirmə aparır.

“Baxmayaraq ki, bəzi beynəlxalq qurumlar, təşkilatlar və bəzi xarici media institutları “Fitch" reytinq agentliyi tərəfindən Azərbaycanın kredit reytinqinin aşağı salınacağı ilə bağlı kifayət qədər qərəzli proqnozlar verirdilər. Amma “Fitch" reytinq agentliyi Azərbaycanın kredit reytinqinin sabit saxlanması ilə bağlı qərar qəbul etdi. Neftin dünya bazarında qiymətinin aşağı düşməsinə və eləcə də qlobal çətinliklərə baxmayaraq, Azərbaycanın reytinqi sabit olaraq “BBB-” kimi dəyərləndirilib”.

“Fitch" reytinq agentliyinin Azərbaycan üçün reytinqi nə üçün əhəmiyyətlidir?



İqtisadçı bildirib ki, “Fitch" reytinq agentliyi dünyanın aparıcı kredit reytinq təşkilatlarından biri olduğu üçün onun bizim ölkəmizlə bağlı sabit reytinqi xaricdə Azərbaycan iqtisadiyyatına inamın formalaşdırılması və inamın saxlanması baxımından olduqca vacibdir.

V.Bayramov qeyd edib ki, adıçəkilən agentliyin sabit reytinqi bütün hallarda ölkə iqtisadiyyatına inam gətirir: “O baxımdan təbii ki, Azərbaycan iqtisadiyyatına xaricdə inamın daha da artırılması və qorunub-saxlanması baxımından bu reytinq ölkəmiz üçün olduqca vacibdir. Bu göstərici Azərbaycana xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətlidir. Çünki həmin reytinq agentliyinin verdiyi qərar birbaşa həmin ölkəyə cəlb edilən investisiyanın həcminə təsir göstərir. İnsanlar ölkəyə investisiya yatıran zaman “Fitch" reytinq agentliyinin reytinqlərini nəzərə alırlar və eyni zamanda həmin reytinqə uyğun olaraq investisiya qərarları verirlər. Bu dünya bazarında neftin kəskin ucuzlaşması fonunda qeyri-neft sektorunun inkişafına investisiyaların cəlb olunması baxımından çox vacibdir.

“Fitch" reytinq agentliyinin qərarı Azərbaycan şirkətlərinin xaricdə yerləşdirdiyi qiymətli kağızların və səhmlərin faizinə təsir göstərir və imkan verir ki, Azərbaycan şirkətləri, o cümlədən Dövlət Neft Fondu, Dövlət Neft Şirkəti daha məqbul şərtlərlə və daha az faizlə öz qiymətli kağızlarını yerləşdirə bilsinlər. Yəni bu ona imkan verir ki, Azərbaycan şirkətləri və fondları daha az faiz borcu ödəməklə qiymətli kağızlarını Avropa bazarına yerləşdirmək imkanları qazansın”.



V.Bayramov vurğulayıb ki, “Fitch" reytinq agentliyinin reytinqi birmənalı şəkildə ölkənin aparıcı şirkətlərinin xaricdə yerləşdirdikləri səhmlərin faizinə müsbət mənada təsir göstərir.

“Bu reytinq imkan verir ki, Azərbaycan maliyyə qurumları daha aşağı faizlə beynəlxalq maliyyə institutları, Avropa və ABŞ-da olan banklardan kreditlər cəlb edə bilsinlər. O baxımdan təbii ki, reytinq Azərbaycan bankları və maliyyə qurumları üçün olduqca vacibdir. Həmçinin bu reytinq Azərbaycan iqtisadiyyatı üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda nəzərə alsaq ki, “Fitch" reytinq agentliyi öz hesabatında Azərbaycan iqtisadiyyatı ilə bağlı pozitiv proqnozlar yerləşdirib, bu nəinki ölkəmizin, hazırki iqtisadi vəziyyəti, yaxın və orta müddətli dövrdə də iqtisadiyyatımızda pozitiv mənzərənin formalaşmasına imkan yaradacaq”, -deyə ekspert vurğulayıb.

Qeyd edək ki, bu günlərdə “Fitch" beynəlxalq kredit reytinq agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu sabit saxlayıb.

Agentliyin hazırladığı hesabatda qeyd olunur ki, Azərbaycanın investisiya səviyyəli reytinqi ölkənin aşağı suveren borcu, 2006-cı ildən yüksək xammal qiymətləri və cari hesabın müsbət saldosu nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivlərini əks etdirir.

Reytinq üzrə proqnozu sabit saxlayan agentliyin qənaəti ondan ibarətdir ki, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alacaq.

Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik və xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda “Fitch Ratings” tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BBB-” investisiya səviyyəsində bir daha təsdiq olunması ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti