Milli Şuranın `boykot` qərarına YAP-dan reaksiya

Milli Şuranın `boykot` qərarına YAP-dan reaksiya
  10 Sentyabr 2015    Oxunub:4816
Hakim Yeni Azərbaycan Partiyası Milli Şuranın parlament seçkilərində iştirak etməməklə bağlı qərarına münasibət bildirib. Partiyanın İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə AzVision.az-a deyib ki, bu bəyanat `Milli Şura` adlı qurumun gücsüzlüyünü göstərir.

YAP rəsmisi fikirlərini belə davam etdirib:

`Milli Şura və ora daxil olan siyasi qrumların seçkidə iştirak etməməklə bağlı bəyanatı göstərdi ki, onlar Azərbaycanda heç bir nüfuza malik deyillər. Onların seçkidə iştirak etməyəcəkləri əvvəlcədən bəlli idi. Son prezident seçkilərində minimal səs toplamaları, keçirdikləri mitinqlərə az sayda adamın gəlməsi, ziyalıların, demokratik düşüncəli insanların onları dəstəkləməməsi bu qurumun sosial bazasının zəifliyini göstərir. Onlar bilirlər ki, qarşıdan gələn parlament seçkilərində bütün dairələr üzrə irəli sürəcək potensial namizədləri yoxdur. Eyni zamanda anlayırlar ki, hətta irəli sürsələr belə onların heç biri qələbə qazana bilməyəcək`.

`Bu gün Azərbaycan cəmiyyəti güclü dövlətçilikdə, sosial problemlərin həll edilməsində, beynəlxalq aləmdə yüksək nüfuzun olmasında maraqlıdır. Milli Şura isə bunların heç birini təmin edə bilmir. Çünki, onların proqramı radikallıq, xaricdəki anti-Azərbaycan mərkəzlərlə əməkdaşlıq, ölkəmizdəki xarici səfirlikləri zorla Azərbaycanın daxili siyasətinin subyektlərinə çevirməkdir. Prinsip etibarı ilə onlar uduzduqlarını indidən etiraf etdilər. Hesab edirəm ki, onlar gələcək seçkilərdə subyekt kimi mövcud olmayacaqlar. Çünki, ətraflarındakı adamlar onları çox sürətlə tərk edir`, - deyə A. Mirzəzadə bildirib.

YAP-çı deputat qeyd edib ki, yaxın günlərdə hakim partiya öz namizədlərini açıqlayacaq və seçki prosesi demokratik, şəffaf və rəqabətli keçəcək.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti