Azərbaycanda Linkoln axtaran Uorlikə deputatdan cavab

Azərbaycanda Linkoln axtaran Uorlikə deputatdan cavab
  12 Sentyabr 2015    Oxunub:2249
“Ceyms Uorlik ABŞ tərəfindən ATƏT-in Minsk qrupuna həmsədr təyin olunandan sonra vaxtaşırı sərsəm bəyanatlar verir”.
Bu fikirləri AzVision.az-a deputat Elman Məmmədov amerikalı həmsədrin “Ermənistanda və Azərbaycanda sülhə və barışığa apara biləcək cəsur Avraam Linkoln varmı?” sualına münasibət bildirərkən deyib.

Deputat açıqlamasında amerikalı həmsədri mövqesizlikdə ittiham edib: “Bilmək olmur bu adam ABŞ-ın, Ermənistanın, yoxsa Dağlıq Qarabağada yaradılan qondarma rejimin mövqeyini təmsil edir. Yəni, Uorlikin müxtəlif istiqamətli bəyanatları bunu sübut edir. Onun son bəyanatına gəlincə isə, Azərbaycanın iradəsi var. Azərbaycan öz iradəsini 20 ildən artıqdır ortaya qoyub ki, torpaqlarını işğaldan azad edəcək. Bu Azərbaycanın mövqeyidir”.
E.Məmmədov Uorlikin diqqətinə çatdırıb ki, həmsədr dövlətlər işğalçını yerində oturtmalıdır.
“Bu olmasa, Azərbaycan xalqının iradəsini ölkə başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, işğal olunmuş ərazilər hansı yolla olur-olsun azad ediləcək. Bu bizim mövqeyimiz, iradəmizdir. Ancaq Uorlik deyirsə ki, münaqişənin həllində tərəflər arasında iradə yoxdur, onun iradəsi yoxdur ki, belə sərsəm bəyanatlar verir”, – deyə E. Məmmədov deyib.

Deputat vurğulayıb ki, beynəlxalq aləm müharibənin yenidən alovlanmasını istəmirsə, işğalçını torpaqlarımızdan çəkilməyə məcbur etməlidir.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində bu fikirləri paylaşıb: “Avraam Linkoln bizi hərbdən sülhə gətirdi, o siyasəti kənara qoyub bizim tariximizdə yeni səhifə açdı. Ermənistanda və Azərbaycanda sülhə və barışığa apara biləcək cəsur Avraam Linkoln varmı? Regionun xalqları çiyin-çiyinə, sülhdə, təhlükəsizlik və rifahda yaşamağa hazırdırlarmı?”

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti