Köçkünlər İlham Əliyevə müraciət edəcək

Köçkünlər İlham Əliyevə müraciət edəcək
  14 Sentyabr 2015    Oxunub:3144
Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə bağlı qaçqın və məcburi köçkünlər adından bu quruma və Azərbaycan prezidenti İlham Əliyevə müraciət olunacaq.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin müzakirəsi zamanı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov müraciətin mətninin hazırlanması barədə tapşırıq verib.

İclasla çıxış edən millət vəkili Bəxtiyar Əliyev, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Kəlbəcər rayonundan məcburi köçkün Şəlalə Məmmədova, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Avropa Parlamentinin qəbul etdiyi qətnamənin qərəzli xarakter daşıdığını, avroparlamentarların qaçqın və məcburi köçkünlərin pozulan hüquqlarına laqeyd münasibət bəslədiklərini vurğulayıblar.

Millət vəkili Elman Məmmədov deyib ki, Avropa Parlamenti 1988-ci ildə Ermənistan SSR-in qorunmasını SSRİ rəhbərliyindən tələb edib, Azərbaycan torpaqlarının işğalı dövründə də Ermənistana dəstək xarakterli addımlar atılıb: “Avropa Parlamentindəki İtaliya və digər ölkələrin parlamentarları arasında erməni deputatlar var. Bu qətnamələr fraksiyalarda hazırlanır. Biz ilk növbədə özümüzə sual verməliyik ki, niyə fəal işləməmişik?”

E. Məmmədov qeyd edib ki, Avropa Parlamenti səlahiyyətlərini aşaraq Azərbaycanın daxili işlərinə qarışır: “Bu, hüquq pozuntusudur. Biz Avropa Parlamentinin bu addımından BMT Təhlükəsizlik Şurasına müraciət etməliyik. Bunlar Liviyanın, Müəmmər Qəddafinin, İraqın, Səddam Hüseynin, Misirin başına nə oyunlar açdılar, bu ölkələrin milyardlarla vəsaitini mənimsədilər. Bəlkə indi də Azərbaycanın vəsaitlərini mənimsəmək istəyirlər?..”

Komitə sədri Əli Həsənov isə bildirib ki, hər bir dövlət Avropa Parlamentinə göndərdiyi deputatları özü müəyyənləşdirir: “Ona görə də həmin Avropa dövlətləri bu satqın, riyakar deputatları geri çağırmalı, obyektiv mövqeli deputatları Avropa Parlamentinə göndərməlidirlər”.


Teqlər:





Xəbər lenti