“Müəllimlərin maaşı 35 faiz artıb” - Nazir müavini

“Müəllimlərin maaşı 35 faiz artıb” - Nazir müavini
  14 Sentyabr 2015    Oxunub:4109
AzVision.az- ın məlumatına görə, tədbirdə çıxış edən nazir müavini Ceyhun Bayramov cari ilin hesabat məruzəsini edib. O, qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb. 7760 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır: “Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb. Hazırda bu fərq 6 faiz təşkil edir”.

Onun sözlərinə görə, ilboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfər arasından 853 nəfər ibtidai sinif müəllimi “Promethean” lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb.

O eyni zamanda qeyd edib ki, “Bu günün və sabahın direktorları” layihəsi çərçivəsində 2014-cü ildə 15 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyinat alıb: “2015-ci tədris ilində təlimlərdə 162 nəfər iştirak edib və çoxmərhələli seçim əsasında 24 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyinat alıb. Son 2 ildə müsabiqə yolu ilə 79 nəfər yeni direktor müavini təyin ediib”.

C.Bayramov hesabat dövründə BŞTİ tərəfindən TN-nin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün müsabiqəyə ümumlikdə 644 vakant yer çıxarıldığını vurğulayıb: “ Vakant yerlərin 375-i ibtidai sinif müəllimi ixtisası üzrə olub. Təhsil Nazirliyinin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlar (şəhərlər) üzrə 51 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib. Müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin I, II və III turları nəticəsində 427 nəfər müəllim işə qəbul edilib”.

Hesabat dövründə 87 məktəbdə 3,006 uşaq məktəbəhazırlıq kurslarını uğurla bitirib. Məktəbdənkənar təhsil müəssisələrində 2,862, dərnəkdə 34,776 uşaq məşğul olub. Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq mərkəzləri və idman məktəblərində dərnək, klub və studiyalara cəlb edilməsi həyata keçirilib.

O bildirib ki, ölkədə məktəbəqədər təhsil səviyyəsi çox aşağıdır. Bu Bakı şəhəri üzrə 27 faizdir: `Bunu gələcəkdə Avropa səviyyəsinə qaldırmaq nəzərdə tutulur`.

Qeyd edək ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, məktəb direktorları, Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, qabaqcıl müəllimlər və media nümayəndələri iştirak edir.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti