Avropa Parlamenti sərt tənqid edildi

Avropa Parlamenti sərt tənqid edildi
  14 Sentyabr 2015    Oxunub:2490
Milli Məclisin Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı keçirdiyi növbədənkənar iclas davam edir.

AzVision.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, bu qətnamədə o qədər absurd ifadələr var ki, bunu ciddiyə almamalıyıq. Millət vəkili qeyd edib ki, Azərbaycanın milli maraqlarına xidmət edən siyasətini öz siyasətləri ilə əvəz etmək istəyirlər:

“Bizim Avropa İttifaqı ilə münasibətlərimiz şəffaf şəkildədir. Biz “Avronest” lə də əməkdaşlıq etdik. Amma onlar müqabilində bizə riyakarlıq, ikiüzlülük göstərdilər. Avropa İttifaqının yükəsk çinli rəsmilərinin səfəri təxirə salınıb. Bu siyasət davam etməlidir”

Millət vəkili Asim Mollazadənin sözlərinə görə, bu qətnamə informasiya müharibəsinin bir hissəsidir. Onun sözlərinə görə, Avropa Parlamentinin qarşısında öz etirazlarımızı bildirməliyik:

“Avropanın tanınmış siyasətçilərinin işğal olunmuş torpaqlara səfərləri başladı. Avropa Parlamentinin Dağlıq Qarabağa gedən deputatlarına 50 mindən səkkiz minə qədər avro verilir. Azərbaycanla bağlı qətnamənin lehinə səs verənlərin çoxu özlərini demokratiyanın carçısı adlandırır, hansı ki onlar demokratiya olmayan ölkələrlə bağlı sanksiyaların qaldırılmasının tərəfdarıdırlar və bunu tələb edirlər. Biz müstəqil dövlət kimi böyük qardaşlara artıq yox demişik. İndi bizə ikinci böyük qardaş lazım deyil”.

Millət vəkili Fəttah Heydərov bildirib ki, ölkəmiz üçün əhəmiyyətli olan məsələnin müzakirəsinə toplaşmışıq. Millət vəkili bildirib ki, bu qətnamə anti-Azərbaycan, anti-bəşəri xarakter daşıyan cızmaqaradan başqa bir şey deyil:

“Orada göstərilən faktların heç biri reallığa uyğun deyil. Bu gün Azərbaycan regionda nümunəvi dövlətdir. Azərbaycanda gedən inkişafı erməni lobbisinin gözü götürmür. Bu sənəd bizi bir tərəfdən ayıq salmalıdır. İkinci tərəfdən də bizi narahat etməli deyil. Çünki Azərbaycan prezidenti çox doğru siyasət yürüdür. Bu sənəddən çəkinmək qorxmaq lazım deyil, sadəcə ona qətiyyətlə cavab vermək lazımdır. Ölkəmiz yenə də nümunə kimi inkişaf etməlidir”.

Qüdrət Həsənquliyev deyib ki, bu qətnamə həm də Azərbaycan ordusunun son zamanlar fəallaşması ilə bağlıdır: “Bu qətnaməni hazırlayanlar ermənipərəst şəxslərdir, onlar daha çox Avropanın deyil, Ermənistanın maraqlarını düşünürlər. Təəssüf ki, Azərbaycan müxalifəti yetkin deyil. Bu gün milli satqınlar şurası deyilən qurum var. Onlar düşünürlər ki, bu qərəzli qətnaməyə dəstək verməklə Avropa onlara yaxın gələcək. Ancaq Avropa da bilir ki, onlar satqındırlar. Son prezident seçkilərində İrana yaxın şəxslərlə bir araya gəldilər, Milli Şuranın ilk iclasında elan etdilər ki, xarici siyasəti referendum vasitəsilə müəyyən edəcəklər. Bu insanlardan zaman-zaman istifadə ediblər. Onlar hakimiyyətə gəlmək üçün şeytanla əməkdaşlıq edərlər. Bu qətnamədə 1 milyon qaçqınla bağlı bir müddəa yoxdur”.

Q. Həsənquliyev qeyd edib ki, Avropa Komissiyasının Avropa Parlamentin bu qətnaməsindən sonra hansısa qərarlar qəbul edəcəyini gözləmir: “Əgər belə qərar olacaqsa, biz Avropa Komissiyası ilə də münasibətlərimizə baxmalıyıq. İndi hesab edirəm ki, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmalıyıq. Biz Milli Məclisdə qəbul ediləcək qərarı dəstəkləyəcəyik. Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır”.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, ölkə prezidentinin xarici siyasət kurusunu dəstəkləyəndə deyirlər ki, hakimiyyəti dəstəkləyirsən: “Amma biz bununla Azərbaycanın Liviyaya, Suriyaya çevrilməməsini dəstəkləyirik. Azərbaycan kimi ikinci bir sürpriz qonşuları olan ölkə yoxdur. Biz hər qonşumuzdan “sürpriz” gözləyirik. Ona görə də tarazlıq siyasətimizi itirməməliyik. Yoxsa Azərbaycan Ukraynaya çevrilər”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti