Mikayıl Cabbarov məktəblərdə rüşvəti yığışdırır

Mikayıl Cabbarov məktəblərdə rüşvəti yığışdırır
  15 Sentyabr 2015    Oxunub:5185
Bu gündən başlayaraq Azərbaycanda yeni dərs ilinə start verilib. Cari təhsil ilində məktəblərdə bir sıra yeniliklər tətbiq olunacaq. Əsas yeniliklərdən biri isə təhsil müəssisələrində rüşvətin yığışdırılması ilə bağlıdır.

AzVision.az-a daxil olan məlumata görə, təhsil naziri Mikayıl Cabbarov dərs ili başlamazdan öncə məktəb direktorlarına qanunsuz pul yığımları ilə bağlı ciddi göstəriş verib.

Nazirin ünvanlandığı xəbərdarlıqda qeyd edilib ki, rüşvət alan müəllimlər, eləcə də məktəb direktorları dərhal işdən azad ediləcək, onlar barəsində qanunvericiliyin tələbinə uyğun olaraq ciddi addımlar atılacaq.

Təhsil işçiləri bildirirlər ki, nazir məktəblərdə rüşvətxorluğun aradan
qaldırılmasında israrlıdır. Artıq bununla bağlı ilk addımlar atılır. Ayrı-ayrılıqda M.Cabbarovun tapşırığından sonra əksər məktəblərdə iclaslar keçirilərək, nazirin tapşırığı müəllim heyətinin nəzərinə çatdırılıb.



Ötən gün təhsil naziri Mikayıl Cabbarov çıxışında deyilənləri təsdiq edərək bir daha təhsil müəssisələrinin rəhbərlərinə “rüşvətə son qoyun” deyə xəbərdarlıq etdi.

Nazir çıxışı zamanı diqqətə çatdırdı ki, məktəblərdə hər hansı bir rüşvət halı aşkarlanarsa, direktorlar cəzalandırılacaq və işdən kənarlaşdırılacaq.

M.Cabbarov direktorlara xatırlatdı ki, bu günə kimi bir neçə rayonun təhsil şöbələrinin müdirləri məhz işdə verdikləri nöqsanlara görə işdən kənarlaşdırılıblar.

Nazir deyib ki, təhsil sistemində mənfi mühiti formalaşdıran amillər var və bu mənfi mühiti formalaşdıran amillərin ilk sırasında korrupsiya, rüşvət halları gəlir. O, bu sahədə görülən işlərdən danışaraq hələ də əldə edilən irəliləyişin onu qane etmədiyini diqqətə çatdırıb.



“Təhsil Nazirliyi son bir neçə il ərzində korrupsiya ilə bağlı kadr dəyişiklikləri, islahatlar həyata keçirib. Birinci sinfə qəbulun elektronlaşdırılması, gənc müəllimlərin işə qəbulu, məktəb direktorlarının təyinatı bu işlər sırasına aiddir. Mən məktəb, nazirliyin şöbə və bölmə nümayəndələrini bu istiqəmətdə daha fəal, prinsipial olmağa çağırıram”.

Hətta nazir korrupsiya ilə mübarizədə kadr dəyişiklikləri, islahatlar həyata keçirildiyini vurğulayıb.

Birinci sinfə qəbulun elektronlaşdırılması, gənc müəllimlərin işə qəbulu, məktəb direktorlarının təyinatı bu işlər sırasına aiddir.

Bundan əlavə nazirlik valideynlərə müraciət ünvanlayaraq bildirib ki, orta məktəblərdə üzləşdikləri neqativ hallar, nöqsanlarla əlaqədar mütləq şəkildə Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə məlumat versinlər.

Gültəkin Ələsgər



Teqlər:  



Xəbər lenti