YAP-ın imtina etdiyi rektorlar: `Qarşımızda şərt qoydular...`

YAP-ın imtina etdiyi rektorlar: `Qarşımızda şərt qoydular...`
  16 Sentyabr 2015    Oxunub:10983
Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı namizəd siyahısını açıqladı.

Geniş müzakirələrə səbəb olan YAP-ın siyahısında hazırda mandat daşıyan 13 deputatın namizədliyi irəli sürülməyib.

Onlardan bəziləri universitet rektorlarıdır.Bakı Dövlət Universiteinin rektoru Abel Məhərrəmov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev və Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev V çağırış Milli Məclisdə YAP-ı təmsil edə bilməyəcək.

Bunun əksinə olaraq hazırda rektor olan deputatlardan Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev isə YAP-ın namizədləri siyahısındadır.

İddia edilir ki, YAP-ın namizəd göstərdiyi rektorlar seçkilərdən sonra tutduqları postla vidalaşıb, fəaliyyətlərini sırf parlamentdə davam etdirəcəklər.

Bu deyilənləri ötən gün YAP-ın İdarə Heyətinin iclasından öncə mətbuata verdiyi açıqlamada partiya sözçüsü, deputat Siyavuş Novruzov da təsdiqləmişdi. Onun sözlərinə görə, rektorlar qarşısında YAP tərəfindən şərt qoyulub: ya deputatlıq, ya da rektorluq...

Kimlər deputatlığı seçiblərsə, onlar rektor kreslosu ilə vidalaşacaq. Yerdə qalanlar isə mandatlarını təhvil verib, universitet fəaliyyətlərini davam etdirəcəklər.

Siyahı açıqlanandan sonra hansı rektorun vəzifədən gedəcəyi, hansının isə bu postunda qalacağı bəlli oldu.

AzVision.az seçkilərdə iştirak edə bilməyəcək rektorların fikirlərini öyrənib.



Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova seçim qarşısında qaldığı üçün rektorluğa üstünlük verib.

“Seçim olduğu halda əlbəttdə ki, universiteti seçdim. Çünki universiteti bitirəndən bu günə qədər təhsil sahəsində çalışıram. Ona görə də düşünürəm ki, bu sahədə biliyim, bacarığım, təcrübəm daha faydalı olar”.



Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov da rektorluğu seçdiyini vurğulayıb.

“Adam bir vəzifə daşımalıdır, biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəyəm. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım”.



“Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev bundan sonra rektorluq fəaliyyətini davam etdirəcəyini deyib.

“Təbii ki, partiya nə məsləhət görürsə, o da olmalıdır. Üstəlik, siyahıya YAP baxır. Özü də 10 il deputat olmuşuq, daha nə qədər deputat olmaq olar?”.



Azərbaycan Kooperasiya Universitetinin rektoru, millət vəkili Eldar Quliyev zənglərimizə cavab vermədiyi üçün onun fikirlərini öyrənə bilmədik.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti