Ciddi anons: Nəqliyyat Nazirliyinin səlahiyyətləri azaldılır

Ciddi anons: Nəqliyyat Nazirliyinin səlahiyyətləri azaldılır
  16 Sentyabr 2015    Oxunub:8014
Nəqliyyat Nazirliyində ciddi struktur dəyişikliyi aparılacaq.
AzVision.az-a daxil olan məlumata görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov nazirliyinin sonuncu iclasında çıxışı zamanı bildirib.

Qapalı keçirilən iclasda nazir diqqətə çatdırıb ki, Nəqliyyat Nazirliyinin tərkibindəki bir sıra qurumlar nazirliyin balansından çıxarılacaq və ayrıca idarə kimi fəaliyyət göstərəcək.

İddia edilir ki, “Azəryolservis” ASC, AZAL və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti nazirlikdən ayrılaraq müstəqil fəaliyyətini davam etdirəcək.

Millət vəkili Zahid Oruc AzVision.az-a açıqlamasında Nəqliyyat Nazirliyinə tabe olan qurumların əslində müstəqil fəaliyyət göstərdiyini təsdiqləyib. Bildirib ki, bəzi qurumların Nəqliyyat Nazirliyindən ayrılması doğru addım olardı.

Onun sözlərinə görə, əslində adları çəkilən qurumlar arasında ümumi koordinasiyanı həyata keçirmək və vahid nəqliyyat siyasətini formalaşdırmaq üçün meydana gəlsə də, həmin qurumlar öz müstəqil fəaliyyətlərini həyata keçiriblər.



Millət vəkili deyir ki, Qərb üsul idarəsinə dayanan dövlət quruculuğu modelinə görə, belə strukturların hamısı müstəqil fəaliyyətlərini həyata keçirirlər, yaxud idarəetmənin fərqli bir forması seçirlər: “Hazırki dövrdə nəqliyyat sahəsində bir çox səlahiyyətlərin “ASAN Xidmət”ə keçməsi ilə bərabər, son günlər mediada hansı nazirliklərin ləğv olunacağı ilə bağlı fikirlər səsləndirilir. Dövlət müxtəlif sahələrə yönəlik maliyyə yükünü azaltmaq üçün özəlləşdirməni həyata keçirə bilər. Bunun tərəfdarıyam. Bunu səhiyyədə xüsusi xəstəxanalar üçün, ayrı-ayrı peşə məktəbləri, eləcə də nəqliyyat strukturları üçün də təklif etmişdik. Hətta özəl məktəblərin kütləviləşməsi üçün daha yeni qanunvericilik bazasına ehtiyac olduğunu qeyd etmişdik”.

Deputat hesab edir ki, Dəmiryolu sistemi, AZAL, Xəzər Dəniz Gəmiçiliyi, bunların hər biri fəqli sferadır. Odur ki, vahid nəqliyyat siyasətini müəyyənləşdirmək mümkündür: “Amma dünyanın heç bir ölkəsində Nəqliyyat Nazirliyi həmin qurumların başçılarını, ştat tərkibini, ayrı-ayrı kadrlarını təyin etmir. Belə olanda mütləq bürokratik təmərküzləşmə baş verir. Səlahiyyətlər bir qurumda toparlanarsa, bu halda proses aktiv işləmir. Bir sözlə, özəlləşdirmə burada ən optimal yoldur”.

Millət vəkilinin sözlərinə görə, Parlament seçkilərindən sonra hökumət sferasında mühüm islahatlar aparılacaq.

Z.Oruc onu da bildirib ki, ölkə başçısı sonuncu müşavirələrdə bunun proqnozunu verib: “Bu sadəcə kadrlara yönəlik proqnoz deyil. Unutmayaq ki, hər hansı yarıtmaz məmuru həbs etmək, cəzalandırmaq arzuolunmaz nəticələrə gətirib çıxarır. Dəmirbarmaqlıqların özü soyuqdur. Dərhal onun müdafiəsi baş verir, sonra əvvəlki hadisələr və ixtilaflar unudulur, rəhm hissi, dövlət əleyhinə kampaniyalar, cəmiyyətin məhdud kəsiminin döyülməsi və dövlətdən narazı qalması və s. İstefa da bəzən yol olmur. Bəs ən yaxşı hansı modeldir? Hesab edirəm ki, din və inqilab modelidir. Bu da ondan ibarətdir ki, onların səlahiyyətlərini tədricən daha fərqli qurumlara verirsən və hər hansı əməliyyat qurulmur, mədə maraqları güdülmür və həmin qurumlar şəffaf işləyir”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti