Bakıdan Avropaya uzanan xəyanətkar əllər...

Bakıdan Avropaya uzanan xəyanətkar əllər...
  17 Sentyabr 2015    Oxunub:5734
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ölkənin bütün sferalarında qərəzli, həqiqətə uyğun olmayan və Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə təhdid olan bir sənəd kimi qiymətləndirildi. Bununla bağlı ölkə rəhbərliyi də Avropa Parlamentinə öz etirazlarını bildirdi.

“Azərbaycan Parlamentinin dünənki qərarının səbəblərini yəqin ki, siz bilirsiniz. Bir neçə gün əvvəl Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır”-deyə bildirən ölkə başçısı bu qətnamənin kağız parçası olduğunu diqqətə çatdırıb.



Prezident çıxışında ciddi mesajlar verərək Azərbaycanın mövqeyini açıq-aşkar nümayiş etdirdi, bildirdi ki, heç kim bizi mövqeyimizdən döndərə bilməz.

“Azərbaycanı özünə ram etmək istəyən xarici dairələrə demək istəyirəm ki, sizin səyləriniz əbəsdir. Azərbaycan öz milli maraqları çərçivəsində siyasət aparır. Şantaj və ya digər yollarla heç kəs Azərbaycana təsir edə bilməz. Kimisə ittiham etmədən əvvəl özün güzgüyə bax. Dünyanın gözü qarşısında Orta Şərqdən Avropaya pənah aparan qaçqınlar var. Bu insanlar xarici müdaxilələrin qurbanlarıdır. Onların ölkələri dağıdılıb, ərazi bütövlüyü pozulub. Yüz minlərlə insanı məhv ediblər. Milyonlarla insan yaxınlarını itirib. Bu vəziyyətə dözə bilməyən insanlar Avropaya üz tutub. Bu gün Avropada islamofobiya, irqçilik ksenofobiya siyasəti aparılır. Avropa yaxşısı budur, həmin problemlərlə məşğul olsun. Avropada Avropa dəyərlərinin sarsıdılması prosesi gedir. Avropa həmişə bizim bölgədə mütərəqqi, müasir, tolerant məkan kimi görünürdü. Təəssüf ki, biz aqressiya, başqalarının işinə müdaxilə görürük”.

Avropa Parlamentinin qərəzli qətnaməsinə etiraz olaraq Azərbaycan daha sərt addım ataraq “Avronest” Parlament Assambleyasından çıxdığını bəyan etdi və Milli Məclisin təcili çağırılan iclasında ölkəmizin Avropa İttifaqı ilə münasibətlərə yenidən baxacağı nəzərə çatdırıldı.

Hakimiyyət cinahında qeyd olunan proseslərin getdiyi bir vaxtda Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırış edən qərara müxalifətin reaksiyası məlum qətnamədən də qərəzli oldu.

Siyasi mövqeyindən aslı olmayaraq dövlətçilik, milli- mənəvi maraqları üstün tutmalı olan müxalifət Aİ-nin qərəzli qətnaməsinə dəstək verərək öz ölkəsinə deyil, Azərbaycanı məhv etmək istəyən qüvvələrin yanında olduğunu bəyan etdi.



“Ana müxalifət” adı uğrunda uzun illərdir mübarizə aparan AXCP və Müsavat Avropa Parlamentinin məlum qətnaməsini dəstəklədi. Narazıların bu mövqeyi gözlənilən idi. İndiyədək şəxsi maraqları üçün çalışan bu insanların qərarı sürpriz deyildi. Təcrübə bunu deməyə əsas verir ki, müxalifəti Azərbaycanın maraqları, dövlətçilik dəyərləri yox, Avropdakı dostlarının göndərdiyi pullar daha çox maraqlandırır.

AXCP sədri Əli Kərimli yaxın günlərdə verdiyi videomüsahibədə bildirir ki, Avropa Parlamentinin məlum qətnaməsi yeganə müxalifət qüvvəsinin AXCP, Milli Şura olduğu sübuta yetirdi.

Partiya sədri eyni zamanda deyib ki, Avropa Parlamentinin qətnaməsində boykot məsələsinin yer alması AXCP-nin, Milli Şuranın mövqeyinin haqlı sayılmasıdır.

AXCP sədrinin bu bəyanatından sonra Müsavat qınından çıxıb, Avropa İttifaqının anti-Azərbaycan qətnaməsinin müəllif hüququnun onlara məxsus olduğunu sübut etməyə çalışdı.



Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibətində deyib ki, həmin qətnamə layihəsinin müəllifi Müsavatın Avropadakı müttəfiqi olan siyasi partiyadır.

Ana müxalifət adına iddialı olan və narazı elektoratı öz ətrafında birləşdirməyə cəhd edən iki partiya sədrinin verdiyi açıqlamadan görünür ki, onlar üçün heç də ümummilli məsələlər ilk sırada gəlmir. Belə olmasaydı, ümmilli mənafeyə zidd olan qətnaməni öz aralarındakı qarşıdurmaya alət etməzdilər.

Bir sözlə AXCP və Müsavat bu qətamədən öz maraqları üçün istifadə etməyə çalışır. Eyni zamanda onların bu açıqlamaları Avropa Parlamentində qəbul olunan qətnamənin məhz ölkə daxilindəki anti-milli qüvvələrin rəyləri hesabına hazırlandığı qənaətini gücləndirir.

Siyasətə xəyanətin möhrünü vuran Milli Şura sədri Cəmil Həsənli də Avropa İttifaqına qahmar çıxaraq bildirib ki, Avropa Parlamentinin qətnaməsi yetərincə “obyektiv” və sərtdir.

“Bütövlükdə Avropa dəyərləri baxımından Azərbaycandakı vəziyyətin qiymətləndirilməsini özündə ehtiva edir”-deyə çıxışı ilə Cəmil Həsənli xəyanətkar xislətini ortaya qoymuş oldu.

Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov isə müxalifətin tutduğu yolun dövlətimizə xəyanət olduğunu bildirib.

“Onların siyasi fəaliyyətlərinin yeganə məqsədini şər və böhtanda görürlər, milli maraqlara zərbə vurmaqdan belə çəkinmirlər. Cəmiyyətə pozitiv heç nə vəd edə bilmirlər, mahiyyət etibarilə neqativ enerji daşıyıcılarına çevriliblər.

İndi müxalifət, xüsusilə də onun aqressiv hissəsi siyasi mübarizəni və siyasi fəallığı Azərbaycandan kənarda olan müxtəlif qruplarla işbirliyində görür. Ən acınacaqlısı da odur ki, həmin qruplar bir qayda olaraq anti – Azərbaycan mövqeyini heç zaman gizlətmir. Nəticədə müxalifətin həmin qolu özü mahiyyət etibarilə anti – Azərbaycan elementinə çevrilir. Bunun bir adı da «5-ci kolon»dur”.



Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı AzVision.az-a bildirib ki, anti-milli qüvvələr Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə hər hansı bir reaksiya verə bilmirlər, çünki, onun hazırlanmasında bilavasitə iştirak ediblər.

“Müxalifətin radikal qanadı hər zaman ölkəmizin uğurlarına anti-Azərbaycan qüvvələr qədər qısqanclıqla yanaşıb və Avropa Parlamentində məlum qətnaməni ortalığa gətirən və onun qəbul olunmasına böyük canfəşanlıq göstərən insanlar qədər əmək sərf edirlər. Yəni, Azərbaycan qarşı qərəzli qətnamələrin qəbul olunmasında ciddi rol oynayırlar. Həmin qətanmədə əksini tapan materialların mütləq əksəriyyəti dosye şəkilində radikal müxalifət qüvvələri tərəfindən müəlliflərə göndərilib. Bu dosyeyə əsaslanan Avropa Parlamenti isə Azərbaycan əleyhinə belə qərəzli qətnamələr qəbul edir”.

Deputat vurğulayıb ki, bu gün dövlətimizin uğurlarından böyük narahatçılıq keçirən böyük anti-Azərbaycan koalisiyası formalaşıb: “Bura ayrı-ayrı ölkələrdən olan məmurlar, siyasətçilər, QHT-lər daxildir. Onların atdığı hər bir addım vahid mərkəzdən idarə olunur və mayasında erməni lobbisi dayanır. Eyni zamanda Azərbaycandakı anti-milli qüvvələr də erməni lobbisinin yanında yer alır. Anti-milli qüvvələrin önündə isə AXCP, Müsavat Partiyası və onları dəstəkləyən bəzi xırda-para partiyalar, QHT-lər, mətbuat orqanları və bəzi jurnalistlərdir.

Hesab edirəm ki, onlar Azərbaycan dövlətinə düşmən kəsilən qüvvələrlə bərabərdirlər. Ona görə də Azərbaycan əleyhinə hər hansı bir yazı dərc olunanda, bəyanat veriləndə həmin qüvvələrin ofislərində toy-bayramdır. Budur onların siması. Bu anti-qüvvələr Azərbaycan xalqı tərəfindən dəstəklənmir. Bunun nəticəsidir ki, xalq xarici maliyyəçinin hesabına yaşadılan radikal müxalifət partiyalarının ətrafında qalmır”.

Avropa İttifaqının məlum qətnaməsindən sonra radikal müxalifət Azərbaycana ikinci zərbəni vurmağa başladı. Dövlət səviyyəsində hər kəsin Aİ-yə etiraz etdiyi məqamda Milli Şura şineli altında gizlənənlər fürsətdən istifadə edib, parlament seçkilərini boykot etməyə başladılar. Əslində seçkidə qalib gəlmək şansı sıfırdan aşağı olan narazıların bu addımı Qərbdəki “day-day”larının gözünə girməkdən başqa bir şey deyildi.

Amma nə fayda...

Xalq güclünün yanındadır, Xalq onu satana deyil, onu qoruyana dəstək verir.

Prezident İlham Əliyev əminliklə bəyan edib ki, iqtidarın öz vətəndaşlarının yanındadır və onları sonadək qoruyacaq: “Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə, bizi müstəqillik, azadlıq yolundan döndərə bilməz. Biz ölkəmizi qoruyacağıq və Azərbaycan xalqının seçimini müdafiə edəcəyik. Bizim seçimimiz isə inkişaf, tərəqqi, sabitlik, xoş niyyət, xeyirxahlıqdır. Budur Azərbaycan dəyərləri - bəyan etdiyimiz və həyatda gördüyümüz dəyərlər.

Ona görə, mən əminəm ki, qarşımızda duran bütün vəzifələri uğurla icra edəcəyik. Bizim iradəmiz, güclü iqtisadi imkanlarımız və müstəqil siyasətimiz var".


Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti