`Yenidən Bakıya qayıtmağa şad olaram` - Erməni şahmatçı
- İlk olaraq şahmat üzrə Dünya Kubokuyla bağlı fikrini öyrənmək istərdik. Həmkarların qeyd edib ki, Bakıdakı yarış Dünya Kuboku tarixində iştirakçılarına görə ən güclüsü sayılır.
- Dünya Kubokunda ən güclü şahmatçılar iştirak edir. Demək olar ki, ulduz şahmatçıların əksəriyyəti turnirdə mübarizə aparır. Ona görə rəqabət güclüdü.
- Levon Aronyan yarışda hansı hədəf uğrunda mübarizə aparırdı?
- Hədəf yaxşı oynamaq idi. Hədəfə nail olmadım.
- Hansı səbəbdən mümkün olmadı?
- Tay-brekin ilk partiyasında rəqibin sonradan həlledici olan gedişini görmədim. İkinci partiyada isə avantürist kimi oynadım. Cütün taleyini ilk görüşdə buraxdığım səhv həll etdi. Çox kobud səhvə yol verdim.
- Tay-brekdə ilk görüşdə məğlub olandan sonra görüşdə dönüş yaratmağa inam var idi?
- İnam hər zaman var. Sadəcə düzgün oynamadım. Bəlkə də b4 gedişini tez oynadım. Bundan sonra mübarizə aparmaq imkanları azaldı. Hətta belə şəraitdə heç-heçəyə razılaşmadım. Vaxtından əvvəl məğlubiyyəti qəbul etmək istəmirdim.
- Dünya Kubokunu erkən tərk etməyiniz gözlənilməz oldu. Uğursuzluğa səbəb kimi yalnız bir səhvi göstərmək olar, yoxsa başqa səbəblər var idi...
- Səbəb yol verdiyim bir səhv idi. Dünya Kuboku elə yarışdı ki, bir səhv turnirin sonu deməkdi. İddiaçılar turnirinə vəsiqə qazanmaq üçün ümidimi itirmirəm. İlin sonuna qədər bir neçə turnirdə iştirak edəcəyəm və reytinqimi yüksəltməyə çalışacam.
- Bir sıra mötəbər yarışlarda iştirak etmisiniz. Dünya Kubokunun təşkilatçılığı barədə fikirlərinizi öyrənmək maraqlı olardı...
- Təşkilatçılıq çox gözəldi. Biz şad olduq ki, Ermənistandan gələn bütün şahmatçılara yaxşı münasibət bəsləndi. Bizə hər cür şərait yaradıldı. Heç bir şeydən narazılıq yoxdu. Sadəcə bilirsiniz, şahmatçılar adətən bir qədər sərbəst olmağı xoşlayır. Müəyyən mənada biz özümüz daxilən sərbəst olmağa çətinlik çəkirdik.
- 2016-cı ildə Bakı şahmat olimpiadasına ev sahibliyi edəcək. Yəqin ki, iştirakçılar arasında Ermənistan komandasını görmək mümkün olacaq?
- Şahmat olimpiadası 1 ildən sonra keçiriləcək. Ermənistan komandasının olimpiadada iştirakı istisna deyil. Mən yenidən Bakıya qayıtmağa şad olaram. Şahmat Azərbaycanda çox sevilir, burda şahmat çox populyardı. Şahmatın ölkədə sevilməsi hiss olunur. Yerli şahmatçılar da yaxşı oyun sərgiləyir.
- Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov 1/16 final mərhələsində mübarizəni davam etdirir. Onların şanslarını necə qiymətləndirirsiniz?
- Azərbaycan şahmatçıları Dünya Kubokunda yaxşı oynayırlar. Üstəlik doğma şəhərdə çıxış edirlər. Onlar yerli azarkeşləri sevindirməyə çalışmalıdılar. Məmmədyarov və Rəcəbovdan başqa digər şahmatçılarınız son aylar yaxşı təsir bağışlayır. Oyunlarında irəliləyiş hiss olunur. Fikrimcə burda Aleksandr Xalifmanın (Azərbaycan millisinin kapitanı - red) böyük əməyi var. Xalifman Azərbaycan şahmatçılarına çox kömək olur. Rauf Məmmədovun komanda yarışlarında oyunu yadımdadı. Bir turda səhv etmirəmsə ilk lövhədə çıxış etdi və yaxşı təsir bağışladı. Qafqaz şahmatçılarının ümumiyyətlə bir problemi var. Bəzən tənbəllik özünü göstərir. Digər tərəfdən debütlə bağlı hazırlıq. Fikrimcə Xalifmanın şahmatçılara köməyi hiss olur. Dünya Kubokunda Qədir Hüseynov, əvvəlki yarışlarda isə Rauf Məmmədovun oyununda məşqçinin işi görünür.