Sumqayıt yolundakı dəhşətli qəzaların səbəbi

Sumqayıt yolundakı dəhşətli qəzaların səbəbi
  17 Sentyabr 2015    Oxunub:31198
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda dəhşətli qəza baş verib. Qəza nəticəsində ölən və yaralanlar olub.

Bu qəza yenidən Bakı-Sumqayıt yolunda qanunsuz fəaliyyət göstərən mikroavtobuslar məsələsini gündəmə gətirib. Bakı-Sumqayıt istiqamətində qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslara qarşı zaman-zaman reydlər keçirilir. Amma buna baxmayaraq, onlar yenə də fəaliyyətlərini davam etdirirlər.

Qanunsuz sərnişindaşıma nəqliyyat müfəttişləri ilə razılaşma əsasında həyata keçirilir. Belə ki, nəqliyyat müfəttişlərinə gündəlik haqq ödəyən mikraavtobus sürücüləri gündəlik olaraq Bakı-Sumqayıt istiqamətində qanunsuz fəaliyyət göstərirlər.

Bu gün Bakı-Sumqayıt yolunda qəzaya uğrayan mikroavtobus da qanunsuz sərnişindaşıma ilə məşğul olub.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.

Məlumata görə, mikroavtobus "Embawood" şirkətinə məxsusdur: "Qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan bu tipli avtomobillər heç bir standartlara cavab vermir, avtomobillərin texniki vəziyyəti, sərnişindaşımaya uyğunluğu barədə heç bir sertifikatı da yoxdur".


Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bununla bağlı bildirib ki, bu gün Ceyranbatan yaxınlığında baş verən qəzanın təfərrüatları tam aydın olasa da, ən azı 3 ciddi təhlükənin burada rolu var: “1.Bakı-Sumqayıt marşrutu ilə işləyən avtobusların, xüsusən də qəzaya düşən mikroavtobusların əksər sürücüləri insanın edə biləcəyi bütün intizamsızlıq və tərbiyəsizlikləri o yolda edirlər. Onların əksəriyyəti "Şumaher"dir. Sürücü vəhşiliyini görmək və müşahidə aparmaq üçün həmin yolda işləyən avtobusları müşahidə etmək yetər.

2. Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir, üstəlik bu yola 110 km/saat sürət həddi qoymanın bircə adı var: hoqqabazlıq.

3. Ölkəmizin yollarının kənarına çəkilən və dünyanın hər yerində əsas təyinatı "Qorumaq" olan metal sədlər real ölüm təhlükəsi doğurur, çünki bizim yollara bu sədlər heyvan arxacının kənarına çəkilən çəpər prinsipi ilə tətbiq olunur. Amma bu texniki vasitənin harada, hansı məsafədə qoyulması, materialı, fiziki xüsusiyyətləri ilə bağlı standartlar var və s”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti