Bakıda mühüm tədbir keçirilir

Bakıda mühüm tədbir keçirilir
  18 Sentyabr 2015    Oxunub:2604
Bu gün “ASAN Xidmət”in İnnovasiyalar Mərkəzi və “ADA” Universitetinin təşkilatçılığı ilə “World Summit Award” (WSA)və “Grand Jury” tədbiri öz işinə başlayıb.
Forumu giriş sözü ilə açan WSA-nın rəhbəri Peter Bruck bildirib ki, tədbirin keçirilməsində məqsəd BMT-nin WSIS (World Summit on the Information Society) gündəminə əsasən yerli informasiya cəmiyyətinin kreativliyini və müxtəlifliyini nümayiş etdirmək və cəmiyyətdə güclü təsiri olacaq rəqəmsal həll yollarını tapmaqdır.

ADA Universitetinin prorektoru Muhammadu Kah isə çıxışında deyib ki, ADA isə bu layihəyə kompüter elmləri və mühəndisliyi istiqamətində dəstək verir.

“ASAN Xidmət”in İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağası qeyd edib ki, iki hissədən ibarət üç günlük tədbirin bu gün keçirilən birinci hissəsində ictimaiyyət üçün açıq Forum təşkil edilib.

Forumda sahibkarlarla xarici ekspertlər bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barəsində öz görüş və perspektivlərini bölüşüblər.

İkinci hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-ə yaxın tətbiq arasından 40 qalibin seçilməsi üçün “Grand Jury” sessiyası baş tutacaq.

21 beynəlxalq ekspert Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər bir dövlət tərəfindən “World Summit Award”a göndərilən tətbiqləri dəyərləndirəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib ki, tədbirin keçirilməsində əsl məqsəd dünyadakı mövcud innovasiyaların təcrübəsini öyrənmək, onları müzakirə etmək və Azərbaycanda tətbiqinə nail olmaqdır.

Eyni zamanda, bir çox dövlətlər ASAN xidmət modelinin tətbiqində maraqlıdırlar: "Bu müsabiqədə Azərbaycandan 6 layihə iştirak edir. Onlardan biri `ASAN ödəniş` sistemləri layihəsidir. Biz bu müsabiqəyə təqdim olunmuş layihələrin ən uğurlularını seçəcəyik. Onların hər hansı birinin dövlət və ya özəl sektorda xidmətlərin göstərilməsi sahəsində Azərbaycanda tətbiq etmək, innovasiyaların ölkədə inkişafına təkan vermək istəyirik".

Qeyd edək ki, tədbir 18-20 sentyabr 2015-ci il tarixində keçiriləcək.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti