Nazirlik təhsil haqqı problemini həll etdi

Nazirlik təhsil haqqı problemini həll etdi
  18 Sentyabr 2015    Oxunub:2621
“Tələbələr ya universitetdə ödədikləri təhsil haqqı qədər, ya da ondan aşağı məbləğdə təhsil haqqını ödəməlidirlər”.
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bir müddət əvvəl fəaliyyəti dayandırılan Bakı Asiya Universitetinin digər ali təhsil müəssisələrinə köçürülən tələbələrinin təhsil haqqı məsələsinə aydınlıq gətirərkən deyib. O, qeyd edib ki, məsələ nazirlik tərəfindən əvvəlcədən araşdırılıb:

“Bildiyiniz kimi, Bakı Asiya Universitetinin tələbələri digər 4 özəl ali məktəbə köçürülüb. Həmin universitetlərdən biri təhsil haqqını öz təhsil haqları qədər ödətdirmək istəyirdi ki, bu da Bakı Asiya Universitetinin təhsil haqqından çox yüksək idi. Lakin köçürülmə zamanı Təhsil Nazirliyinin müvafiq şöbəsi universitet rəhbərliyi ilə danışıqlar apardı və həmin universitetlər öhdəlik götürdü ki, köçürülən tələbələr Bakı Asiya Universitetindəki ödədikləri təhsil haqqını burada da ödəyə biləcəklər. Odur ki, burada hər hansı təhsil haqqının artırılmasından söhbət gedə bilməz”.

Nazir müavini bildirib ki, Bakı Asiya Universitetinin təhsil müəssisəsi kimi qeydiyyatdan keçib və heç bir sənədi ləğv olunmayıb:

“Sadəcə onun fəaliyyət göstərməsi üçün 5 illik lisenziya lazımdır. Həmin lisenziyanın vaxtı bitib. Yenidən lisenziyanın artırılması üçün Bakı Asiya Universiteti də Təhsil Nazirliyinə müraciət etməyib. Gələcəkdə müraciət olsa, nazirlik buna baxa bilər”.

Gültekin Ələsgər


Teqlər:  





Xəbər lenti