Dəmir Yolları Nəqliyyat Nazirliyindən alındı

Dəmir Yolları Nəqliyyat Nazirliyindən alındı
  18 Sentyabr 2015    Oxunub:3771
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncamda dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərman imzalayıb.

AzVision.az xəbər verir ki, fərman ölkənin nəqliyyat sektorunun idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində nəqliyyatın əsas sahələrindən biri olan dəmir yolunda müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını, yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri göstərilməsini və Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutları ilə yükdaşımaların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə verilib.

Fərmana əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.

QSC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə dövlət orqanlarına həvalə edilib.
Fərmanla müəyyən edilib ki, QSC sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

QSC-nin idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyətin özü tərəfindən həyata keçirilir.

Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir.

Dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir. Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır.


Teqlər:  



Xəbər lenti