Deputat seçkiləri müxalifəti parçalayır

Deputat seçkiləri müxalifəti parçalayır
  19 Sentyabr 2015    Oxunub:3270
Hakim Yeni Azərbaycan Partiyası (YAP) deputatlığa namizədlərinin siyahısını açıqladıqdan sonra siyasi müstəvidə kartlar dəyişdi. YAP-ın gecikən siyahısı müxalifət düşərgəsində fikirayrılığına gətirib çıxardı. Seçkiyə gedəcəklərini öncədən bəyan edən müxalif qruplar iqtidarın yeni komandası ilə tanış olduqdan sonra mövqelərini dəyişib, ənənəvi boykot taktikasını seçdi. Bu isə özlüyündə qarşı cəbhədə alqışla qarşılanmadı, əksinə etirazlara səbəb oldu.
AXCP və Milli Şuradan sonra bir neçə partiyanın birləşdiyi “Azadlıq 2015” siyasi blokunun da boykota gedəcəyi haqda mətbuatda fikirlər səsləndirilir. Bu isə düşərgədə gərginlik yaradıb.

Partiyalar arasında yaranan narazılıq blokun tezlikdə parçalanacağı haqda fikirlər formalaşdırır...

“Siyasi partiyaların parlament seçkilərində iştirakdan imtina etməsinin hansı məntiqə söykəndiyini başa düşə bilmirəm”.

Bu fikirləri AzVision.az-a açıqlamasında “Azadlıq 2015” seçki blokunun əsas təmsilçilərindən olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Partiya sədri hesab edir ki, bütün siyasi partiyalar seçki prosesinin içərisində olmalıdırlar: “Biz seçkidə iştiraka digər siyasi partiyalardan fərqli baxırıq. Yəni, seçkidə iştirak etməkdə qərarlıyıq. Hesab edirik ki, demokratiyanın bərqərar olması üçün proses, onun özündə rəqabət lazımdır. Ona görə də kim seçkidən kənarlaşırsa, demokratiyadan imtina etməsi deməkdir”.

“Azadlıq 2015” seçki blokunun seçkiləri boykot etməsi haqda deyilənlərə münasibət bildirən Ə. Əliyev buna qarşı olduğunu deyib.

“Təmsil olunduğumuz seçki bloku ölkə müxalifətinin yeganə siyasi partiyalar blokudur. Bu baxımdan bizim mənəvi məsuliyyət yükümüz var. Ancaq, blokun daxilində müxtəlif mövqeni bölüşən partiyalar var. Bu baxımdan onların boykot qərarı formalaşıb. Ancaq, necə olmasından asılı olmayaraq biz partiya olaraq seçkilərə qatılmaqda maraqlıyıq”.

Partiya sədri “Azadlıq 2015” seçki blokunun boykot qərarı verəcəyini istisna edib: “Əgər seçki blokunun tərkibində bir partiya qalsa belə MSK-da qeydiyyatdan keçib, seçkiyə gedəcəyik. Amma, prinsipial olaraq biz blokun seçkidə iştirakında maraqlıyıq”.

Qeyd edək ki, müxalifətdə təmsil olunan bir sıra partiyalar parlament seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. Milli Şura və AXCP ilə başlanan prosesə bu günlərdə Azərbaycan Demokrat Partiyası da qoşulub.
Müsavat və “Azadlıq 2015” seçki bloku da seçkidən imtinaya dair mesajlar verməkdədir. Müxalif birliklərin bu qərarına hakim Yeni Azərbaycan Partiyasının mövqeyi isə belədir ki, hansı siyasi partiyanın seçkidə iştirak edib-etməməsindən asılı olmayaraq seçki keçiriləcək.

Ümumilikdə isə müxalifət daxilində seçkidə iştirakın vacib olduğunu düşünənlər az deyil. Hesab edirlər ki, seçkidən imtina müxalifətin növbəti məğlubiyyəti, uğursuzluğundan irəli gəlir.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti