`Martirosyan Bakıya sevgisindən gəlməyib` - Açıqlama

`Martirosyan Bakıya sevgisindən gəlməyib` - Açıqlama
  19 Sentyabr 2015    Oxunub:4235
Xəbər verdiyimiz kimi, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri, müxalifətçi Vaan Emilyeviç Martirosyanın Sarkisyan rejimindən qaçaraq Azərbaycana sığınıb.
Ötən gün keçirdiyi mətbuat konfransında erməni fəal Azərbaycana qaçış səbəbini mövcud rejimin ailəsinə qarşı təzyiqləri ilə əlaqələndirib: “Bura gəlməkdə məqsədim övladlarımı, ailəmi xilas etməkdir. Ermənistanda cinayətkar Sarkisyan rejiminə qarşı mübarizə apardığım üçün təzyiqlərə məruz qalırdım. Odur ki, Sarkisyanın adamları məni və ailəmi döyüb, təhqir edib”.

Martirosyanın ölkəmizə sığınması cəmiyyətimizdə bir mənalı qarşılanmır. Bunu ölkəmizin siyasi uğuru kimi qiymtləndirənlər çoxluq təşkil etsə də, düşmənə qapı açmağımızı qəbul etməyənlər də var...

Qarabağdan olan deputat Elman Məmmədov Martirosyanın Bakıya sığınmasına münasibət bildirib.



Deputat AzVision.az-a açıqlamasında deyib ki, ermənilər pis həyatdan, aclıqdan, çətinlikdən həmişə sığınacaq üçün azərbaycanlılara pənah gətirirlər.

Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, ermənilər ölkəmizə gəlib dolanışıq, çörək tapandan və yerlərini rahatlayandan sonra başımıza oyun açıblar: “Daha bir Ermənistan vətəndaşının Azərbaycana pənah gətirməsi onun sevgisindən, hörmətindən irəli gəlmir. Bu Ermənistan hakimiyyətini zəbt etmiş hərbi xuntanın əlindən özünü və ailəsini qorumasından irəli gəlir. Azərbaycan sevgisi deyil. Bu gün Ermənistanda maddi, siyasi vəziyyət, qeyri-stabillik onları məcbur edir ki, başqa yerlərə getsinlər. Ermənistanın statistika komitəsinin verdiyi məlumata görə, son bir neçə ildə Ermənistanı 1 milyondan çox insan tərk edib. Onlar yaşam şəraitinin çətinliyindən, təzyiqlərdən başların götürüb ölkədən gedirlər”.

Qarabağdan olan deputat bildirib ki, Martirosyan çox ağıllı bir hərəkət edib: “O fikirləşir ki, onsuzda əvvəl-axır onların çörək qazanıb ailələrini saxlamaq yeri azərbaycanlıların qapıları olacaq. Ona görə də bu bəri başdan başının çarəsini qılıb. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusilə də Dağlıq Qarabağda və eyni zamanda Ermənistanda imkan tapan, əlacı olan erməni mütləq oradan qaçır. Onlar bilirlər ki, Azərbaycanda yüksək həyat şəraiti, əminamanlıq, humanizm var. Dinindən, irqindən asılı olmayaraq Azərbaycan hər kəsə humanistlik göstərir, hamının bərabər yaşamasına şərait yaradır. Bu qaçan da oradan başını götürüb qaçanlardan biridir. Ermənistanda olan siyasi təzyiqlərdən, pis həyatdan, maddi durumdan, ölüm təhlükəsindən baş götürüb ölkəmizə qaçıb və Azərbaycandan sığınacaq istəyib”.

Millət vəkili qeyd edib ki, Ermənistan hökumətini dəstəkləyən, onlara arxa duran bəzi dövlətlər və beynəlxalq qurumlar utansınlar ki, müharibə vəziyyətində və düşmən olan bir xalqın, dövlətin vətəndaşı başqa yerdən yox, Azərbaycandan sığınacaq istəyir.

“Azərbaycanda heç kim onu incitmiyəcək. Azərbaycan ona sığınacaq verməsə də, onun təhlükəsiz olaraq üçüncü ölkəyə getməsinə köməklik edəcək. Bu Azərbaycanda olan tolerantlığın, daxili stabilliyin, humanizmin nümunəsidir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti