“Anamın öldüyünü bilirəm...” – Xanımın qızı (Reportaj)

“Anamın öldüyünü bilirəm...” – Xanımın qızı (Reportaj)
  19 Sentyabr 2015    Oxunub:9602
Azərbaycanın Əməkdar artisti, tanınmış aktrisa Xanım Qafarovanın ölümündən bir ildən çox vaxt keçir.
Ölümü ilə azyaşlı qızını tək qoyub gedən Xanımın o qədər arzuları var idi ki, ölməyi belə düşünmürdü. Onun üçün həyat əbədi idi. Xanım özü üçün olmasa da qızı üçün yaşayacağına əmin idi.

Amma həyat bu. Bir gün gələn, bir gün də gedəcək, Xanım kimi.

Akrtisanın ən böyük arzusu qızı Gövhəri böyütmək, ona təhsil vermək və onu ağ gəlinlikə gəlin köçürmək idi.

Xanım bu arzularla həyata bağlanmışdı, ta ötən ilin iyul ayının 11-ə kimi…

Mərhum aktrisanın evinə baş çəkib, ailəsi ilə söhbətləşdik.



Xeyli vaxtdır osteoxondroz xəstəliyindən əziyyət çəkən Gövhər nənə səhhətindən danışdı.

“Qışda vəziyyətim çox pis idi. Heç ayağa qalxa bilmirdim. Günlərlə yataqda olurdum. Yazıq uşaq da əllərdə qalmışdı, ona baxa bilmirdim. Çox çətin günlər yaşayırdıq. İndi şükür Allaha, yaxşıyam.

Xanımın ölümü belimi bükdü. Hələ də onun yoxluğuna öyrəşə bilmirəm. Xanım üçün o qədər darıxmışam, hər gecə yuxuma girir, deyir ki, ana narahat olma, bir gün gələcəm sizə görməyə. Amma nə edək, fani həyatdı. Heç kim dünyadan tutub durmayacaq”.



Gövhər nənə millət vəkili Qənirə Paşayevanın ara-sıra onlarla maraqlandığını deyir.
Xanım Qafarovanın qızı artıq ikinci sinifə keçib.

Nənəsi deyir ki, dərslərini yaxsı oxuyur, zirəngdir, qavraması yaxşıdır.

Onun sözlərinə görə, balaca Gövhər artıq anasının ölümündən xəbərdardır: “Nə qədər gizlətmək olar? Yazıq uşaq hər gün anasını soruşurdu. Deyir ki, anam nə vaxt gələcək? Gizlədə bilmədik. Deyirdi, onsuz da bilirəm anam gəlməyəcək. İndi hər şeyi bilir. Yazıq uşaq, anasının ölümün qəbul edib. Nə etsin axı?



Uşaq anasına görə çox sarsılmışdı. Onu poliklinikamızda psixoloqa apardıq. Daha sonra bir rus dili müəlliməsi ilə tanış olduq. Təmənasız gəlib evdə Gövhərlə məşğul olur. O, yavaş-yavaş uşağa hər şeyi anlatdı, sakitləşdirdi. İndi adi uşaqlar kimidir. Bayıra çıxır, uşaqlarla oynuyur”.

Daha sonra balaca Gövhərin xalası Rübabə xanımla həmsöhbət olduq: “Gövhər hər gün anasını soruşur, bizimlə onun barəsində söhbət edir. Artıq qəbul edib. Hətta qəbir üstünə belə aparmışıq.Biz ağalayanda bizə təsəlli verir. Deyir, ağlamayın, o heç vaxt gəlməyəcək. Biz ora gedəcəyik, amma o gəlməyəcək.

Anası deyirdi: “mən oxumuş aktrisayam, bu oxumamış.

Siz bilmirsiniz bunun canında nələr var.(gülür). Onun bütün rolllarına əzbərləmişdi”.

Balaca Gövhər: “Bir dəfə xəstə rolunu oynamışdım. Nənəm də inanmışdı” (gülür).

Gövhər nənə deyir ki, ailənin əsas gəliri aldığı 150 manat pensiyadan və nəvəsinin adına olan 150 manat təqaüddən ibarətdir.

“Heydər Əliev Fondundan da kömək olur. Hazırda pis yaşamırıq. Dolanmağa kifayət edir. Allaha şükür, problemimiz yoxdur. Bircə narahatçılığım nəvəmdəndir. Allaha yalvarıram ki, ömrümə bir az da ömür qatsın, bu uşağı bir yanlıq edim. Həmişə axşam olanda deyir, gedək ana üçün fatihə çevirək. Onun canı mənə bağlıdır. 15 gün xəstəxanada qaldım, gəldim gördüm, nə haldadır.



Ancaq `nənə` deyirmiş. Deyir, dünyada bir anamı çox istəyirəm, bir də səni. Hətta Qənirə xanım istədi ki, özü ilə onu rayona aparsın, gəzdirsin, qız ağladı ki, getmirəm, mənim anam yoxdur, aparacaqlar geri gətirməyəcəklər”.

Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla



Teqlər:  





Xəbər lenti