27 qat Hacı deputat: `Seçkidən sonra görərik...`

27 qat Hacı deputat: `Seçkidən sonra görərik...`
  21 Sentyabr 2015    Oxunub:5010
Adı YAP-ın namizəd siyahısına düşməyən deputat Hacı Qalib Salahzadə son günlər mətbuatın gündəmindədir. Hakim partiyanın imtina etdiyi Q.Salahzadənin Həcc ziyarətindən təcili geri qayıtması və onun yenidən deputat olması ilə bağlı xəbərlər yayılır.
Bildirilir ki, o, deputat kreslosunu itirmək istəmədiyi üçün seçki mübarizəsinə qatılmaq istəyir, amma YAP buna icazə vermir.

Bütün bu deyilənlərə YAP açıqladığı siyahı ilə konkret cavab vermiş oldu. Bildirildi ki, iqtidar Milli Məclisdə adı siyahıya düşən şəxslərlə təmsil olunmaq istəyir, çıxdaş edilənlər isə məsləhət görülmədiyi üçün namizəd kimi irəli sürülməyib.

Bu baxımdan yüz faiz əminlikdə demək olar ki, şeyxin qudası kimi mətbuatda populyarlıq qazanan Qalib Salahzadəni növbəti çağırış Milli Məclisdə görə bilməyəcəyik.

27-ci dəfə Həcc ziyarətində olan deputatın bundan sonra ticarətlə məşğul olacağı da yayılan iddialar sırasındadır.

Haqqında deyilənlərlə bağlı AzVision.az-ın suallarını cavablandıran Q.Salahzadə partiyanın qərarından razı olduğunu deyib.

Bildirib ki, bundan sonra deputat ola bilməsə də YAP-ın qərarına hörmətlə yanaşır və bütün əmrlərə tabe olmağa hazırdır.

“Partiya necə istəyirsə, biz də onu dəstəkləməliyik. Biz kimik ki? Belə məsləhət görüblər, belə də olmalıdır. Başqa söhbət ola bilməz. İstəsən də, istəməsən də partiya üzvüsən bu qərarla razı olmalısan”.

Bundan sonra hansı işlə məşğul olacağına gəlincə, Q.Salahzadə seçki bitdikdən sonra bu barədə qəti qərara gələcəyini qeyd edib: “İndidən bir söz demək düzgün deyil. İnsan nə bilir ki, sabah nə ola bilər. Ona görə də seçkilərdən sonra bu suala cavab verərəm”.

Qeyd edək ki, Q.Salahzadə 27 saylı Sabunçu ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatıdır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti