Ağdaşın içməli su problemi həll edilir
Ağdaş şəhərinin su və kanalizasiya infrastrukturu tamamilə yenidən qurulması 2012-ci ildə icrasına başlanılmış “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 yeni artezian quyusu qazılıb. Layihəyə uyğun olaraq şəhərdə 141 kilometr uzunluğunda su şəbəkəsi yaradılıb, 5200 ünvana birləşmə verilib. İndiyədək 4521 abunəçi smart sayğaclarla təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.
Bununla paralel olaraq şəhərin kanalizasiya sistemləri də yenidən qurulur. İnşası nəzərdə tutulan 127 km-lik kanalizasiya şəbəkəsinin tikintisi tam başa çatmaq üzrədir. Ağdaş şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və hər birinin məhsuldarlığı sutkada 12500 kubmetr olan iki çirkab sutəmizləyici qurğuda həyata keçiriləcək.
Qeyd edək ki, Ağdaş şəhərində ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri 1950-60-cı illərdə yaradılıb. Türyançayın yatağında yaradılmış drenaj qurğusu uzun illər boyu sel və daşqınlara məruz qaldığından istismar imkanlarının böyük bir hissəsini itirib. Paylayıcı su şəbəkəsi ilə Ağdaş şəhərinin 26 130 nəfər əhalisinin təqribən yarısının normal su təchizatını aparmaq mümkün olub. Ağdaş şəhərində 1960-1965-ci illərdə tikilmiş 18 km uzunluğunda kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətə düşüb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


