Xalq artistinin xatirə gecəsi keçiriləcək

Xalq artistinin xatirə gecəsi keçiriləcək
  15 İyun 2013    Oxunub:2823
2013-cü ildə görkəmli rejissor, Xalq artisti, Dövlət mükafatları laureatı Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 90 ili tamam olub.
AzVision.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2013-cü il iyun ayının 18-də, saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Tofiq Kazımovun 90 illiyinəə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaradılması, inkişafı və formalaşması milli mədəniyyətimizin inkişafındakı müstəsna xidmətləri olan Tofiq Kazımovun adı ilə bağlıdır.

T.Kazımov 1923-cü il yanvar ayının 14-də Bakı şəhərində anadan olub. Bakı Teatr Texnikumunda, daha sonralar isə A.Lunarçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb. Hələ tələbə ikən Ağdam Dövlət Dram Teatrında H.Qasımovun «Kür sahilində» əsərinə quruluş vermiş, 1951-ci ildə Akademik Milli Dram Teatrında «Ailə namusu» (H.Muxtarov) tamaşasını hazırlayıb.

İnstitutu bitirdikdən sonra gənc sənətçi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına baş rejissor vəzifəsinə təyin olunub. Bu teatrda çalışmaqla yanaşı, o, 1957-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrında Ə.Məmmədxanlının «Şərqin səhəri», 1961-ci ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında «Qızılaxtaranlar» (T.Quliyev, H.Seyidbəyli) əsərlərinə quruluş verib.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına baş rejissor təyin olunan sənətkar öz yaradıcılığı ilə bu günə qədər yaşayan «Tofiq Kazımov məktəbi»ni yaradıb.

T.Kazımovun doğma teatrın səhnəsində «Lənkəran xanının vəziri», «Müsyö Jordan və dərviş Məstəlişah» (M.F.Axundzadə), «Ölülər» (C.Məmmədquluzadə), «Aydın» (C.Cabbarlı), «Pəri cadu» (Ə.Haqverdiyev), «Qılınc və qələm» (M.Ordubadi), «Antoni və Kleopatra», «Fırtına», «Hamlet» (U.Şekspir), «Vassa Jeleznova» (M.Qorki), «Mariya Tüdor» (V.Hüqo), «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər» (İ.Əfəndiyev), «Sənsiz», «Əcəb işə düşdük» (Ş.Qurbanov), «Yastı təpə», «Quşu uçan budaqlar» (Ə.Əylisli), «Daşqın» (A.Sofronov), «Nazirin xanımı» (B.Nuşiç), «Məzəli hadisə» (K.Haldoni), «Bəşərin komediyası və ya Don Juan» (M.İbrahimov), «Yalan» (S.Rəhman), «Nağıl başlananda» (İ.Qasımov) və s. bu kimi tamaşalara verdiyi quruluşlar ölkəmizin teatr həyatında əsl hadisəyə çevrilib. Bu tamaşalar ritmi və dinamikası, məzmun və forma vəhdəti, improvizə meyli ilə fərqlənirdi.

T.Kazımov uzun illər Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyət göstərib. O, korifey sənətkarlarımız, xalq artistləri Ağasadıq Gəraybəyli, Kazım Ziya, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı haqqında monoqrafiyaların və «Çağırış», «İşıqlı yollarda», «Şəfəq», «Qoçaq Polad», «Muradın kələyi» pyeslərinin müəllifidir.
Sənətdə qazandığı uğurlara görə T.Kazımov Əməkdar İncəsənət Xadimi (1961), Xalq Artisti (1974) fəxri adlarına layiq görülüb. Müqtədir sənətkar U.Şekspirin «Antoni və Kleopatra» (1965), Anarın «Şəhərin yay günləri» (1979) tamaşalarına görə Dövlət mükafatları ilə təltif olunub.

AzVision.az




Teqlər:  





Xəbər lenti