`İmkan versək, yüzlərlə erməni Azərbaycana axışar`

`İmkan versək, yüzlərlə erməni Azərbaycana axışar`
  22 Sentyabr 2015    Oxunub:2473
“Ermənilər bizim düşmənimizdir. Onların sığınacaq üçün Azərbaycana gəlməsi bizə lazım deyil. Düşmənlərimiz ölkəmizə gəlib nə edəcəklər? Bizimlə bir süfrədə əyləşəcəklər? Mən şəxsən onların vətənimə gəlməsinin əleyhinəyəm”.
Bu barədə AzVision.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

O bildirib ki, ermənilərin kütləvi şəkildə ölkəmizə gəlməsi ciddi problemlərə yol aça bilər.
“Bir-iki nəfər erməni gələ bilər. Amma onların kütləvi halda Azərbaycana gəlməsinə qarşıyam. Onlar bura gəldikdən sonra nə hoqqalar çıxaracaqlar? Bunu bilirsinizmi? Bu məsələ mənə qaranlıq qalır.

İki-üç il bundan qabaq erməni əsgərləri bayraq qaldıraraq Azərbaycan tərəfinə keçmişdilər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə onlar üçüncü ölkəyə göndərildilər. Daha sonra həmin ermənilər Dilgəm Əsgərovun məhkəməsində çıxış edərək Azərbaycanın əlehinə lazımsız, yalan-böhtan dolu ifadələr işlətdilər. Dilqəmin üzünə durdular ki, guya Azərbaycanda onları toka veriblər və ya işgənclərə məruz qalıblar. Ermənilərin əsl siması budur”.

Hüquq müdafiəçisinin sözlərinə görə, ermənilərə inanmaq olmaz: “Ona görə də onların ipinin üstünə odun yığmaq olmaz. Onlar bizim üçün arzuolunmaz qonşudurlar. Torpaqlarımız uzun illərdir ki, ermənilərin işğalı altındadır. Bu gün Ermənistanda çox acınacaqlı bir vəziyyət hökm sürür. Onların iqtisadiyyatı çöküb, aclıq hökm sürür. Bu baxımdan ermənilər aclıqdan xilas olmaq üçün kütləvi şəkildə Azərbaycana keçə bilərlər”.

E. Behbudov hüquq müdafiəçisi Novella Cəfəroğlunun 50-dən çox erməni ailəsinin Azərbaycan tərəfinə keçmək istəməsi ilə bağlı mətbuata verdiyi açıqlamaya münasibət bildirib. O, həmkarının ermənilərlə əməkdaşlığı məsələsinə diqqət çəkib: “Novella xanımın nə deyib-deməməsi onun öz işidir. Hər halda Novellanın bu sözlərindən belə çıxır ki, o ermənilərlə yaxşı işgüzar münasibətlər qurub. Ona görə də erməniləri Azərbaycana gətirmək istəyir. Hərə öz dediyinə cavabdehdir. Mən isə heç vaxt Leyla Yunus və başqaları kimi indiyə qədər Ermənistana getməmişəm və onlarla işgüzar əlaqələr qurmamışam.

Birincisi ermənilər Azərbaycanın düşmənidir. Bütün tarix boyu ermənilər bizə düşmən kəsiliblər. Mən əslən şuşalı, qarabağlıyam. Mənim qohumlarımın qəbrləri ermənilər tərəfindən təhqir olunub. Bunu ermənilərə heç vaxt bağışlamayacağam. Amma əgər hansısa bir erməni bizim komitəyə müraciət etsə ki, Azərbaycana gəlmək və siyasi sığınacaq almaq istəyir, əlbəttə bu zaman həmin şəxslərə köməklik etmək olar. Hətta Andranik Qriqoryanla görüşüm zamanı o, mənə bildirmişdi ki, onlarla erməni əsgəri Azərbaycan tərəfinə keçmək istəyir. Mən əminəm ki, bura keçən heç bir erməni burada yaşamayacaq. Bir müddətdən sonra üçüncü ölkəyə keçmək istəyəcəklər. Başqa ölkəyə keçdikdən sonra ölkəmizin əleyhinə çxış edəcəklər.

Etiraf edirəm ki, bu gün ermənilərin Azərbaycan tərəfinə keçib, öz ölkələrində olan acınacaqlı vəziyyətdən danışmaları bizim uğurumuzdur. Bu bizim üçün baş ucalığı gətirir. Onların hamısının öz məqsədləri var. Onlar kəsfiyyatçı ola bilərlər. Amma bizim kifayət qədər ixtisaslı xüsusi xidmət orqanlarımız var. Onlar hər şeydən xəbərdardırlar”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti