Dirisi 4, ölüsü 9 manata… - Qurban bazarından reportaj

Dirisi 4, ölüsü 9 manata… - Qurban bazarından reportaj
  23 Sentyabr 2015    Oxunub:5847
Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan sayılır. Müsəlmanların sevərək qeyd etdiyi Qurban bayramına ölkəmizdə də böyük maraq və diqqət var.

Bayramla əlaqədar Bakı şəhərində və şəhərətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış məntəqələri fəaliyyətə başlayıb. Nazirlik süni qiymət artımının qarşısını almaq üçün Bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat katibi Murtuzəli Hacıyev bildirib ki, ət kəsimi məntəqələrində qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq:

"Qiymət artımı olmayacaq. Bazarlara nisbətən daha ucuz təklif olunacaq. Eyni zamanda bu yarmarkalar bazarların özünə təsir edəcək. Orada da qiymət artımına yol verilməyəcək. Nazirlik tərəfindən sahibkarlara tövsiyə olunub ki, ötən ilə nisbətən bu il bazara daha çox qurbanlıq heyvan çıxarsınlar".

Nazirlik qiymət artımın olmadığını bəyan etsə də baş çəkdiyimiz satış məntəqələrindəki vəziyyət tam əksini deyir…

Əməkdaşlarımız paytaxtda təşkil olunan bir neçə satış məntəqəsinə baş çəkərək qiymətlərlə maraqlanıb.

Təbriz küçəsində yerləşən satış məntəqəsində Qurbanlıq heyvan satışı ilə məşğul olan Əfsun Babayev deyir ki, onlarda qiymətlər alıcıların cibinə uyğundur.


`
“Bu müqəddəs bayramdır. Kimisə aldatmaqla nə əldə etmək olar? Elə etməliyik ki, hamı Qurban kəsə bilsin. Ona görə əlimizdən gəldiyi qədər qiymərləri alıcıların istəyinə uyğun müəyyən edirik.

Digərlərindən fərqli olaraq bizdə tərəzi yoxdur. Adətən müştəri gəlir, tutaq ki, 15 kiloqramlıq heyvan istəyir. Çəkisi 15 kiloqramdan çox olan heyvanı göstərib deyirik ki, 15 kiloqramın pulunu ver götür. Bu da hardasa 130-120 manat eləyir”.

Həmsöhbətimiz bildirir ki, ötən illə müqayisədə Qurbanlıq heyvanların satışı bu il zəifdir.

“Çox guman ki, çəki məsələsi gözə yarı olacaq. Ancaq müştəri tərəzidə çəkdirmək istəyirsə, biz bir söz deyə bilmərik. Ətin kiloqramını 9 manata verəciyik. Hər yerdə quzu əti 10 manata satılır, biz isə bayrama görə 9 manata veririk. Bilmirik aldığımız heyvanları sata biləcəyik, yoxsa yox. Allah bilən məsləhətdir. Sözün açığı keçən il heyvanlarım hamısı satılmışdı. Ancaq bu il baxırsan ki, zəiflikdir. Hələ heç nə satmamışıq. Elə bil heç kim Qurban kəsmək istəmir”.

Satıcı bayram günü imkansız ailələrə Qurbanlıq ət paylayacaqlarını deyib.



“Kimsəsiz, imkanı olmayan yaşlı adamlara da kəsdiyimiz ətdən veririk. Onlar üçün kəsib, hazır qoyuruq. Artıq 5-ci ildir ki, biz bu işlə məşğuluq”.

Üz tutduğumuz digər satış məntəqəsində də alıcı qıtlığı hiss olunurdu. Satıcı Allahyar Həsənov deyir ki, Qurbanlı heyvan kəsim də daxil olmaqla, kiloqramı 8 manat 50 qəpiyə satışa çıxarılıb.



“Biz qanuni şəkildə satışla məşğuluq. Bütün sənədlərimiz var. Diri toğlunun çəkisini isə 4 manat 50 qəpikdən hesablayacağıq. Qaydaya görə kəsilən qurbanlar altı aydan aşağı olmalı deyil, maksiumum bir il ola bilər.

Allah yolunda İsmayıl qurbanı kəsilirsə, bu qanunu şəkildə olmalıdır. Müştərilər qiymətlərdən, heyvanların sağlamlıqlarından razı olmalıdırlar. Əsas şərt budur.

Ümumilikdə isə Qurbanlıq heyvanların qiymətləri minimum 80-150 manat arası dəyişir. Acılılıq qabiliyyəti isə ötən illə müqayisə də xeyli aşağıdır”.



Şahanə Rəhimli
Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti