İlham Əliyev: `O günləri bir daha yaşamaq istəyirik`

İlham Əliyev: `O günləri bir daha yaşamaq istəyirik`
  24 Sentyabr 2015    Oxunub:2730
Xəbər verdiyimiz kimi, bu gün IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə birinci iclası olub.

Dövlət başçısı iclasda çıxış edib. O, çıxışında 2017-ci ildə baş tutacaq IV İslam Həmrəylik Oyunlarının əhəmiyyətindən danışıb: “Bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Eyni zamanda, biz bunu İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk və öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin.

Təşkilat Komitəsinə rəhbərlik Mehriban Əliyevaya həvalə olunub. Həm “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyeva rəhbərlik etmişdir. Nəticələr də göz qabağındadır. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilmişdir. Həm “Eurovision” müsabiqəsində, həm Avropa Oyunlarının gedişatında bütün təşkilati məsələlər öz həllini tapıb və bu yarışmalarda iştirak etmiş bütün idmançılar və Azərbaycana gəlmiş qonaqlar bunu yüksək qiymətləndirmişlər”.

İlham Əliyev daha əvvəl ölkədə keçirilən ilk Avropa Oyunlarını Azərbaycan dövlətinin təntənəsi adlandırıb: “Əlbəttə, Oyunlardan sonra da bizə qarşı təzyiqlərin olacağını proqnozlaşdırırdıq. Çünki Azərbaycan öz müstəqil siyasətinə sadiqdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki, yaratdıqları stereotiplərə sığmır. Əfsuslar olsun ki, bu gün İslam aləmi daha çox münaqişələr zonası kimi təqdim edilir, islamofobiya meyilləri güclənir, İslam dininə qarşı təhqir-böhtan kampaniyası aparılır və görəndə ki, müsəlman aləmində belə gözəl, dinamik inkişaf edən, müasir ölkə var, əlbəttə, bu da onların planlarını alt-üst edir”.

Prezident bildirib ki, İslam Həmrəylik Oyunlarının keçirilməsi çox önəmli beynəlxalq yarışma olacaq.

“Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər.

Deyə bilərəm ki, bu Oyunlardan başqa Azərbaycan müxtəlif beynəlxalq yarışlara da ev sahibliyi edəcəkdir. 2016-cı ildə “Formula-1” yarışması ilk dəfə olaraq Azərbaycanda keçiriləcəkdir. Bu da futbol üzrə dünya çempionatı ilə bir səviyyədə olan yarışmadır. Bütün dünyanın gözü yenə də Azərbaycanda olacaq. Əminəm ki, biz bu yarışmanı da yüksək səviyyədə keçirəcəyik. Gələn il Azərbaycanda Dünya Şahmat Olimpiadası keçiriləcək. Yəni, biz bu yolla gedirik və gedəcəyik. Çünki bizim imkanımız var və eyni zamanda, biz bu yolla ölkəmizi dünyaya tanıdırıq.

Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq”.

İlham Əliyev yekun nitqində Təşkilat Komitəsinin işindən danışıb. Dövlət başçısı bildirib ki, təhlükəsizlik tədbirlərinə xüsusi diqqət göstərilməlidir:

“Əminəm ki, bizim bu sahəyə rəhbərlik edən şəxslər İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə təşkil edəcəklər. Avropa Oyunları zamanı təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilmişdi. Mən bunu demişəm, bir daha demək istəyirəm. Mən son illər ərzində bir çox Yay Olimpiya Oyunlarının açılışlarında iştirak etmişəm və özüm görmüşəm ki, bəzi hallarda küçələrdə əlisilahlı insanlar, hətta müasir xüsusi qurğular yerləşdirilir. Bəzi hallarda binaların damında hava hücumuna qarşı qurğular yerləşdirilir. Bakıda isə bir dənə də olsun əlisilahlı insana rast gəlmək mümkün deyildi. Yəni, budur bizim yanaşmamız. Təhlükəsizlik ən yüksək səviyyədə təşkil edilmişdir. Eyni zamanda, təhlükəsizlik tədbirləri adi insanlara problem yaratmamalıdır, xüsusilə Bakı sakinlərinə. Qonaqlar da bunu hiss etməməlidir. Ona görə, mən əminəm ki, bu dəfə də bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil ediləcəkdir”.


Teqlər:  





Xəbər lenti