“AXCP növbəti iflasını yaşadı” - YAP-dan reaksiya

“AXCP növbəti iflasını yaşadı” - YAP-dan reaksiya
  28 Sentyabr 2015    Oxunub:3012
“Böyük reklama baxmayaraq, AXCP-nin qurultayı partiyanın günü-gündən zəiflədiyini, günün tələblərinə cavab verməyən siyasi təşkilat olduğunu ortaya qoydu”.
Bu fikirləri AzVision.az-a hakim Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

O, bildirib ki, qurultayda hər hansı bir yenilikdən, demokratiyadan əsər-əlamət yox idi: “Qurultayla AXCP növbəti iflasını yaşadı. Ümumən belə də olmalı idi. Demokratik fikirlərdən uzaq, Azərbaycan dövlətinin maraqlarına deyil, müəyyən anti-Azərbaycan mərkəzlərin maraqlarını qoruyan təşkilatın sonu belə də olmalı idi.

Qurultaydakı qəribə bir neçə məqama diqqət edək. Birinci, qurultay ölkənin inkişafı ilə bağlı hər hansım bir proqram irəli sürmədi. İkincisi, seçkidə iştirakdan imtinanın səbəblərini izah edə bilmədi. Üçüncüsü, qurultay nümayəndələrinin çıxış etməsi kimi vacib element yaddan çıxdı”.

YAP rəsmisi qeyd edib ki, Sahib Kərimli variantı Əli Kərimli tərəfindən hazırlanmışdı: “Əli Kərimli qurultaya demokratiklik vermək üçün bu addımı atıb. Təsadüfi deyil ki, bu gün Sahib Kərimli sosial şəbəkədəki səhifəsində bildirir ki, mübarizəsini dayandırır. Məgər mübarizə ancaq sədrlik uğrunda idimi? Qurultay nümayəndələrini əvvəlcədən təlimatlandırıldığına görə hər şey Əli Kərimlinin istədiyi kimi getdi. Ancaq, bir məqam var ki, hər şey Əli Kərimlinin çağırdığı qurultayda yaxşı gedə bilər, cəmiyyət heç vaxt onun dediyi kimi hərəkət etmək fikrində deyil. Çünki, onun maraqlarını qorumur”.

A. Mirzəzadə qeyd edib ki, AXCP cəmiyyət arasında nüfuzu olmadığına görə seçkilərdə iştirakdan imtina edir: “Əslində bu, hər hansı bir mövqe yox, məcburiyyət imtinası idi. Bu gün AXCP və onun vəziyyətində olan siyasi təşkilatlara bu və ya digər qalmaqalla, anti-demokratik fikirlərlə olmaq daha sərfəlidir. Xaricdən müəyyən anti-Azərbaycan mərkəzlərin qrantları hesabına dolanan belə partiya rəhbərləri üçün demokratik siyasi fəaliyyət maraqlı deyil.

Təsadüfi deyil ki, biz son illər AXCP tipli təşkilatların siyasi arenadan silindiyinin şahidi oluruq. Onlar Azərbaycanda demokratikləşməyə hər hansım bir töhfə verə bilmirlər. Bu partiyalar Azərbaycan dövlətinin maraqlarının qorunmasında maraqlı deyillər və bu istiqamətdə heç bir addım atmırlar”, - deyə YAP rəsmisi vurğulayıb.

Elvin Abdulqədirov


Teqlər:



Xəbər lenti