Vaqif Əsədov: Onlara söz təsir etmir…

  28 Sentyabr 2015    Oxunub : 3220
 Vaqif Əsədov: Onlara söz təsir etmir…
Bakıda yollarda təhlükəsizliyin təmin edilməsi, ləngimələrin qarşısının alınması məqsədilə sentyabrın 15-dən 26-dək parklanma, dayanma-durma qaydalarının pozulmasına qarşı həyata keçirilən tədbirlər nəticəsində 6237 sürücüyə inzibati protokol tərtib edilib.
AzVision.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, paytaxtda avtomobillərin dayanmanı, durmanı qadağan edən nişanların təsir zonasında saxlanması hallarına qarşı nəzarət gücləndirilib: “Bakıda dayanma-durma qaydalarının pozulması halları nəinki mərkəzi yollarda, eləcə də ətraf ərazilərdə də qeydə alınır. Dayanma-durma qaydalarının pozulması ilə bağlı 11 gün ərzində tərtib edilən 6237 protokolun 1358-i avtobus duracaqlarının zəbt edilməsi ilə əlaqədar olub. Maraqlısı budur ki, onlardan da təxminən 300-ə yaxın sürücü müxtəlif vaxtlarda eyni yerdə təkrarən inzibati məsuliyyətə cəlb edilib. Duracaqları zəbt edənlərin də əksəriyyəti taksi fəaliyyəti ilə məşğul olanlardır. Sanki bu sürücülər həmin ərazini özəlləşdiriblər. Onlara protokol yazılır, çıxıb gedirlər, sonra həmin əraziyə baxanda görürsən ki, qayıdıb yenidən həmin yerdə dayanıblar. Artıq belə adamlara hansısa söz və ya inzibati cəzalar təsir etmir”.

V.Əsədovun fikrincə, şəhərdə yaranan süni sıxlığın və tıxacların əsas səbəbi məhz elə paytaxtın əsas küçələrində dayanma-durma qaydalarının pozulmasıdır: “Təkcə nişanların təsir zonasında park etdirilən nəqliyyat vasitələri deyil, eləcə də yolun hərəkət hissəsində, yolların kəsişmə hissəsinə yaxın məsafələrdə, piyada zolaqları üzərində, avtobus duracaqlarında qanunsuz park etdirilmə digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Bu da yollarda süni sıxlıq və tıxacların yaranması ilə nəticələnir”.

AzVision.az

Teqlər: