Azərbaycanlı deputatdan Yaqlanda kəskin sual
Adətən olduğu kimi, məruzədən sonra deputatların sualları səsləndi. Lakin ötən sessiyalardan fərqli olaraq, bu dəfə Avropa Şurasının baş katibinə ünvanlanan suallar qat-qat çox idi. Bu da səbəbsiz deyil, çünki həm Avropa, həm də Avropa Şurasının özü bir təşkilat olaraq son dövrlərdə ciddi problemlər yaşamaqdadır. Suallarla məhz belə ağrılı, aktual məsələlərə qaneedici cavablar axtarılırdı.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda belə bir sualla müraciət etdi: “Bu gün dünya, Avropa son dərəcə narahat, kədərli günlər yaşayır. Miqrant axınları Avropanı şok vəziyyətinə gətirib, bir sıra dövlətlər sərhədlərini bağlayaraq sel kimi gələn və özü ilə çoxlu problemlər gətirən insanları ölkələrinin ərazisinə buraxmaq istəmir. Mənim iki hissədən ibarət sualım bu ağrılı problemlə bağlıdır. Birincisi, indi gördünüz və inandınızmı Avropanı diz çökdürən, miskin vəziyyətdə qoyan bu problemlə son 25 ildə qarşı-qarşıya qalan, müxtəlif millətlərdən və ölkələrdən 1 milyon insanı qəbul edib yerləşdirən, tədricən onları normal həyat şəraiti ilə təmin edən Azərbaycan nə qədər əziyyətlər çəkib və nə qədər güclü imiş?! İkincisi, Cənubi Qafqazın müxtəlif guşələrindən, İrandan, Orta Asiyadan, hətta müharibə vəziyyətində olduğu işğalçı Ermənistandan gələn erməniləri belə milliyyətinə, dininə fərq qoymadan eyni qayğıkeşliklə qəbul edən Azərbaycanı bu gün Avropaya üz tutan müsəlman miqrantlara irqçi, faşist düşüncəsi ilə, qəddarcasına yanaşanlarla müqayisə edəndə tolerantlıq fərqimizi hiss etdinizmi?!”
Bu kəskin qoyulmuş suallar qarşısında çətin vəziyyətdə qalan Avropa Şurasının baş katibi doğrudan da Azərbaycanın illərdən bəri nə qədər müşkül problem yaşamasını, onun öhdəsindən uğurla gəlməsini etiraf edib və təəssüflə bildirib ki, Avropa Azərbaycandan, indi böyük qaçqın kütlələrini qəbul edən Türkiyədən fərqli olaraq bu problem qarşısında aciz vəziyyətdə qalıb. (Azərtac)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


