`Sarkisyan cinayətkar olduğunu etiraf edəcək`

`Sarkisyan cinayətkar olduğunu etiraf edəcək`
  29 Sentyabr 2015    Oxunub:2672
Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağla bağlı verdiyi bəyanat Azərbaycanın xeyrinə işləməsə də düşmən ölkənin hansı durumda olduğunu çılpaqlığı ilə ifşa etmiş oldu.
“Ermənistan - mən Ermənistan deyəndə isə Dağlıq Qarabağı onun ayrılmaz hissəsi kimi nəzərdə tuturam - planetin ən hərbiləşmiş ərazilərindən biridir”-deyə Sarksiyanın sərsəm bəyanatı onun hakimiyyətdə olduğu dövrdə xalqına söylədiyi yalanların üstündən xətt çəkdi.

Beynəlxalq hüquq üzrə şərhçi İlqar Dadaşov hesab edir ki, işğalçı ölkə prezidentinin bu "səmimiyyəti" onun təşviş içində olması və yaranmış vəziyyətdə çıxış yolu tapmaması ilə bağlıdır.

Şərhçinin sözlərinə görə, Sarkisyanın bəyanatının əhəmiyyətini və mümkün nəticələrini bir neçə istiqamətdə təhlil etmək olar: “Rəsmi İrəvan Azərbaycan-Ermənistan münaqişəsini Qarabağ ermənilələrinin öz "müqəttəratını təyin etmək" uğrunda mübarizə kimi qələmə verir və özünün bu müharibədə iştirakını danırdı. Hətta düşmən tərəfi ciddi cəhdlə "DQR"-ın münaqişənin nizama salınması prosesinə qoşulmasına da çalışırdı. Bu iki əsas məqam münaqişənin aktiv fazası bitəndən sonra İrəvanın bütün səviyyələrdə səsləndirdiyi bəyanatın onurğa sütununu təşkil edirdi. Lakin sensasiyon sayıla biləcək 26 sentyabr tarixli çıxışdan sonra prezident Serj Sarkisyan Ermənistan beynəlxalq hüququnun norma və prinsiplərini pozan, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi qəbul edilən torpaqları işğal edən təcavüzkar bir dövlət olmasını qəbul edir.

Beləliklə Ermənistan həm özünün işğalçı mahiyyətini etiraf edir, həm də uzun müddətdir yürütdüyü siyasi xəttindən geri çəkilir. Azərbaycan tərəfi, mütləq bu faktdan istifadə edərək beynəlxalq qurumlar qarşısında Ermənistana qarşı sanksiyaların tətbiqi, rəsmi İrəvanın işğalçı siyasətinə siyasi qiymətin verilməsinin vacibliyi barədə məsələ qaldırmalıdır”.

İ.Dadaşovun fikrincə, kim bilir, bəlkə vəziyyət daha da mürəkkəbləşsə S.Sarkisyan özünün Xocalı hadisələrindəki iştirakını və hərbi cinayətkar olduğunu etiraf edəcək.

“Əgər Sarkisyan Dağlıq Qarabağı Ermənistanın ərazisi hesab edirsə, nəyə görə Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh danışıqlarında iştirak edir? Axı bunlar bir-birinə ziddir. Həqiqət isə burasındadır ki, Azərbaycanın artan diplomatik gücü və yürütdüyü ağıllı siyasət nəticəsində düşmən dövlətin manevr etmək, öz xalqına yalançı vədlər vermək imkanları tükənib. Nəticə isə göz önündədir. ATƏT Minsk Qrupuna gəlincə isə, həmsədrlər institutunun formatının dəyişdirilməsi və ya birdəfəlik ləğvi Azərbaycanın maraqlarına cavab verir. Çıxılmaz vəziyyətdə qalan Ermənistan yalnız cəbhə bölgəsində gərinliyi artırır və sülh danışıqlarını növbəti dəfə zərbə altına qoyur. Bu şəraitdə Azərbaycanın hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməyə tam hüququ çatır”.

AzVision.az


Teqlər:  



Xəbər lenti