Azərbaycanın ovçu məmur və deputatları

Azərbaycanın ovçu məmur və deputatları
  29 Sentyabr 2015    Oxunub:18367
Azərbaycanda ovçuluq edənlərin bəziləri bu işə dolanışıq yeri, digərləri isə hobbi kimi baxır. Hazırda ölkəmizdə quş ovuna icazə verilməsə də, ümimilikdə ovçuluq təsərrüfatlarının qapıları ovçuların üzünə açıqdır.

Rəsmi məlumatlara görə, ölkəmizdə ovçuluq təsərrüfatlarının ümumi ərazisi 716 min hektardan çoxdur. Azərbaycanda nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan və çöl quşlarının qorunub saxlanılması üçün 40-dan çox dövlət qoruğu, milli park və yasaqlıq var.

Ovçuluqla məşğul olanlar arasında adi vətəndaşlarla yanaşı, məmurlar, ictimai-siyasi, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri də var. Onlar bu peşəyə hobbi kimi baxır, adrenalin yaşamaq üçün dağlara qalxıb, ov edib, quş quşlayırlar.

Hətta 18 milyardlıq sərvəti olan Dubay əmirinin varisi, bu yaxınlarda qardaşı dünyasını dəyişən Hamdan bin Muhammed bin Rasid el Maktoum da ov etmək üçün tez-tez Azərbaycana səfər edir.

Azərbaycandakı ovçular arasında nazirlər, deputatlar da var...

Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfov AzVision.az-a açıqlamasında bildirib ki, hazırda ancaq dağ keçisinin ovuna icazə verilir. Onun sözlərinə görə, quş ovuna qadağa qoyulduğu üçün ova maraq bir qədər azalıb: “Yəqin ki, bundan sonra bəzi quşların ovlanmasına icazə veriləcək”.

Onun sözlərinə görə, hazırda cəmiyyətin 22 minə yaxın üzvü var.

“Tanınmış şəxslərdən yeni qoşulan üzvümüz demək olar ki, yoxdur. Əksəriyyəti elə əvvəlki şəxslərdir. Xanım üzvlərimiz arasında elə də say artımı yoxdur. Bir-iki nəfər hardasa əlavə olunub. Məmurlardan da üzvümüz olan şəxslər var, amma ad açıqlaya bilmərəm”.

F.Əşrəfov adları açıqlamaq istəmsə də, AzVision.az-ın məlumatına görə, ovçular arasında xeyli nazir, nazir müavinləri, komitə sədrləri var.



ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və şirkətin bir çox rəhbər şəxsləri, Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Naftalanın sabiq icra başçısı (keçmiş deputat) Musa Musayev, deputat Aqil Abbas, Bakıdakı bəzi ali məktəblərin rektorları Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin üzvləridir.

Sənəd adamlarından Xalq artisti, tanınınmış müğənni Teymur Mustafayev (Teymur əmi), müğənni Zaur Rzayev, Aşıq Əhliman, tanınmış şair Baba Vəziroğlu, opera müğənnisi Adil Məlikov, klarnet ifaçısı Vaqif Mirzəyev, ovçular cəmiyyətinin üzvləri sırasındadır.

Cəmiyyətin kişi üzvləri ilə yanaşı, ovçuluqla məşğul olan xanım üzvləri də var. 20 nəfərə yaxın xanım üzv kimi bu cəmiyyətdə qeydiyyatdadır.

Türkiyədə yaşayan tanınmış müğənni İradə İbrahimova ovçu xanımlardandır. Digərlər üzvlər isə elə də tanınmış simalar deyil.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti