Pensiya yaşı artırıla bilər? - Deputatlar narazıdır

Pensiya yaşı artırıla bilər? - Deputatlar narazıdır
  29 Sentyabr 2015    Oxunub:6269
Elə insanlar var ki, iş yerləri ilə bağlı ciddi problemləri var

Yaxın vaxtlarda pensiya yaşının artırılacağı bildirilir. Ötən gün Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev də açıqlamasında büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrünün 65 yaş olduğunu və pensiya yaşının kifayət qədər aşağı olduğunu söyləyib. O, həmçinin cəmiyyətdə, istehsalatda insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmasının da vacib olduğunu bildirib.

Azərbaycanda orta ömür müddəti 67 olduğu halda pensiya yaşının 65-ə çatdırılması bir çoxlarında artıq narazılıq yaradıb.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyevdə hesab edir ki, pensiya yaşının artırılmasına ehtiyac yoxdur.

Deputatın sözlərinə görə, bir neçə il bundan öncə, Milli Məclisdə bu məsələyə baxılıb: “Qadınların pensiya yaşının 60-a, kişilərin isə 63 yaşa qaldırılması barədə qərar verildi. Hesab edirəm ki, Elman Mehdiyev bunu gələcək perespektiv üçün deyib. Təbii ki, Azərbaycanda insanların həyat şəraiti, sosial durumu yaxşılaşdıqca, sosial müdafiəsi gücləndikcə insan ömrü uzanır və onların daha çox işlə məşğul olmasına imkan verir. Gələcək 10 il və bundan sonraklı illərdə bu məsələyə baxıla bilər. Amma indi pensiya yaşının artırılmasına ehtiyac yoxdur”.

Millət vəkili Vahid Əhmədov da pensiya yaşının artırılmasına gərək olmadığını hesab edir. Onun fikrincə, hazırda dünyada iqtisadi böhran gedir. Bu baxımdan pensiya yaşının artırılması real görünmür: “Pensiyaçılar arasında 60-65 yaş, hətta az yaşı olanlar da var. Amma ilk növbədə bunu əsaslandırmaq lazımdır. Yoxsa birbaşa yaş həddini 65-ə qaldırmaq olmaz. Sadəcə pensiyaya baxırlar.

Pensiyaya çıxmaq ölkədəki ictimai-siyasi vəziyyət, əhalinin iqtisadi vəziyəti ilə bağlıdır. Azərbaycanda isə belə bir problem yoxdur. Elman Mehdiyev isə kifayət qədər səriştəli mütəxəssisdir. Çox güman ki, onun müəyyən hesablamaları var. Yəqin ki, bu məsələ Milli Məclisdə qaldırılacaq və biz buna baxacağıq”-deyə V. Əhmədov bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti