“Səsiniz gəlsin” - Deputatdan Qərbə sərt mesaj

“Səsiniz gəlsin” - Deputatdan Qərbə sərt mesaj
  29 Sentyabr 2015    Oxunub:2536
“İslama nifrət” bağıran avropalılara üzümü tuturam. Onların içərisində isə şəxsən tanıdığım həmkarlarımdan (ATƏT və digər təşkilatlarda olan parlamentarilər və ictimai-siyasi xadimlər daxil olmaqla) soruşmaq istəyirəm, bu gün bu binəvaların üzərinə bütün qapıların bağlanmasını cani-dildən tələb etdiyiniz halda, nədən zamanında öz ölkələrinizin yüksək və hərbi rəsmilərinin qərarlarına etiraz etmədiniz?”.

AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Millət vəkili Qərbə bir neçə sual ünvanlayıb: “Orta Şərq və Şimali Afrika ölkələrinin ərazi bütövlüyünün, suverenliyinin sarsıdılmasına, legitim hakimiyyətlərinin devrilməsinə, minillik tarix və mədəniyyətlərinin dağıdılmasına qarşı çıxmadınız?

Milyonlarla insanların öz yurdunda özləri üçün məqbul hesab etdikləri həyatlarının alt-üst edilməsini qınamadınız? “Afrika – afrikalılar üçün “ söyləmədiniz”. Terrorçu qrupların yaradılması, maliyyələşdirilməsi, silahlandırılması və nəhayətdə dünyəvi islam dövlətlərinin dağıdılıb yerlə yeksan edilməsinə yönəldilməsinə “yox” demədiniz?

Bu susqunluğunuzla da İslamın “sülh, qardaşlıq və bərabərliyə” deyil, terror və müharibələrə yol açan bir din olduğunu sübuta yetirmək istəyən başbilənlərinizlə eyni mövqedən çıxış etməklə daha artıq suç işlətdiniz.

Süngü ucunda “demokratiya” bəxş etmək istədiyiniz bütöv bir regiona bədbəxtlik və səfalət gətirildi, səsiniz çıxmadı. İmdad dilədilər eşitmədiniz. Kömək edin, xilas edin dedilər – halınızı pozmadınız. Yenə susdunuz”.

“Düşünmədinizmi ki, od təkcə düşdüyü yeri yandırsa da, tüstüsü çoxlarının göslərini yaşardır”.-deyən B. Muradova fikrini belə davam etdirib: “Amma deyəsən indiki halda sizi narahat edən təkcə tüstüdən yaşaran gözləriniz deyil, həm də adət etdiyiniz komfortlu həyatın bir balaca pozulmasıdır. Bəs necə, əlbəttə ki, narahatlığınıza çox ciddi əsaslar var. Dünyanın bir yarısını öz ambisiyalarına qurban verməyə hazır olanların təkcə məlum regionu və onun xalqlarını deyil, həm də sizin “rahatlığınızı” hədəf aldıqlarını düşünməliydiniz. Milyonlarla insan iztirablar, qanlar və ölümlər məngənəsində çabalayarkən sizin qayğısız həyat sürəcəyinizə inamlarınız artıq puç olmaqdadır.

Odur ki, həyəcan təbili çalırsınız. Amma yenə də bu təbili bütün insanlıq və bəşəriyyət üçün deyil, yalnız özünüz üçün çalmaqdasınız.

Ölkələrinizin sərhədində, evlərinizin qapılarında bir içim su, bir tikə çörək, daldalanmaq üçün bir parça yer həsrətində olan milyonlar dünənədək müdrik bir əda ilə “hüquqlarını qorumaq, demokratik və azad cəmiyyət” bəxş etmək istədiyiniz həmin insanlardır. Onlar bu “cəmiyyəti” Sizinlə bölüşmək istəyirlər. Nə deyirsiniz, razısınız, yoxsa yox? Səsiniz gəlsin”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti