Hərbi cinayətlərin sayı azalıb - Xanlar Vəliyev

Hərbi cinayətlərin sayı azalıb - Xanlar Vəliyev
  01 Oktyabr 2015    Oxunub:2729
“Cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulub başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çoxşaxəli tədbirlərin, eləcə də, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində mümkün olub”.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı ilə bağlı “Xalq” qəzetində dərc olunan məqaləsində qeyd olunub.

Məqalədə bildirilir ki, 2003-cü illə müqayisədə 2015-ci ildə qəsdən adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55 faiz, digər səbəblərdən ölümlər isə 10 faiz azalıb. 2003-cü illə müqayisədə 2015-ci ildə ölümlərin sayı 2 dəfə azalıb, cari ildə zəhərlənmə və donvurma nəticəsində ölüm hadisələri, ümumiyyətlə qeydə alınmayıb.

X. Vəliyev həmçinin qeyd edib ki, erməni kəşfiyyatçı Arsen Baqdasaryanın üzvü olduğu cinayətkar birliyin digər üzvləri barəsində cinayət işinin istintaqı davam etdirilir. 1988-ci ildən etibarən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməklə, bir qisminin öldürülməsi və şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar 21 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsi yaradılıb. Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror aktları, əsir düşmüş şəxslərə işgəncələr verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Cinayət Məcəlləsinin (CM) soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib, iş üzrə 296 təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs və axtarış elan edilməsi təmin olunub.

Eyni zamanda, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təmas xəttində Ermənistan Respublikası silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmələrinə və buna cəhd edilmələrinə dair Azərbaycan CM-nin müvafiq maddələri ilə başlanmış cinayət işlərinin istintaqı da aparılır.

: “Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanaraq hüquq mühafizə orqanlarına təhvil verildikdən sonra, həmin fakt üzrə Azərbaycan Hərbi Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Törətdiyi əməllərə görə A.Baqdasaryanın Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik – təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib”.

A.E.Baqdasaryanın törətdiyi cinayət əməlləri məhkəmə zamanı tam sübuta yetirilərək o, layiqli və ədalətli cəzaya məhkum edilib. Hazırda Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində cinayətkar birliyin digər üzvləri barəsində cinayət işinin istintaqı davam etdirilir.


Teqlər:  





Xəbər lenti