Cəlilabad prokurorları yeni binaya köçdü

  01 Oktyabr 2015    Oxunub : 1425
Cəlilabad prokurorları yeni binaya köçdü
Sentyabrın 29-da Cəlilabad rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, binanın açılışında iştirak edən Baş prokurorun müavini Namiq Əsgərova məlumat verildi ki, bina 2 mərtəbəli orijinal layihə əsasında inşa olunub, binanın foyesində ulu öndər Heydər Əliyevin və dövlətimizin prokurorluq orqanlarına qayğısını əks etdirən fotogüşə yaradılıb, bütün otaqlar kompüter və digər zəruri texniki avadanlıqlarla təchiz edilib.

N.Əsgərov 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə rayon prokurorluğunun kollektivini təbrik edərək bildirdi ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olub. Ölkəmizdə reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutub. Xüsusi vurğulandı ki, son illər Baş Prokurorluqda hərtərəfli və bütün sahələri əhatə edən uğurlu islahatlar aparılıb və “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” prokurorluq orqanlarının yeniləşməsi və işinin təkmilləşməsi yolunda mühüm əhəmiyyət kəsb etməklə prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına, müasir binaların inşasına təkan verib.

Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov rayon prokurorluğunun inzibati binasının müasir standartlar səviyyəsində inşa edilərək bütün otaqların kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilməklə istifadəyə verilməsini dövlət tərəfindən porokurorluq orqanlarına göstərilən diqqət və qayğı kimi qiymətləndirib.

Tədbirdə prokurorluq əməkdaşları dövlətin onlara göstərdiyi yüksək etimadı doğruldacaqlarına, qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklərinə inam ifadə etdilər.

Teqlər: