DİN-dən `böyrək satılır` elanına reaksiya

DİN-dən `böyrək satılır` elanına reaksiya
  02 Oktyabr 2015    Oxunub:2575
Bakıda böyrək satışı ilə bağlı küçələrə vurulan elanlar yenidən gündəmə gəlib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov məsələyə münasibət bildirərək böyrək satışı elanlarından xəbərdar olduğunu deyib.

AzVision.az-a açıqlama verən DİN rəsmisi qeyd edib ki, dünən sosial şəbəkələrdə yayımlanan böyrək satışı ilə bağlı elan ötən ilki məlumatlardır: “Diqqətli vətəndaşlarımızın yəqin ki, hələ də xatirindədir, keçən ilin iyun ayında Bakı metrosunun “Qara Qarayev” stansiyasının çıxışında naməlum şəxslərin insan böyrəkləri satması ilə əlaqədar elanların asılması barədə kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Elə o vaxt Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının dərhal həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yazıb, qeyd olunan ərazidə yaymış iki nəfər- Bakı şəhər sakinləri, 19 yaşlı Emil Emkiyev və 17 yaşlı Muxtar İsmayılov müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı gənclər heç də böyrəklərini satmaq fikrində olmadıqlarını, belə elan verməkdə məqsədlərinin vətəndaşlarla guya zarafat etmək və cəmiyyətin buna reaksiyasını öyrənmək olduğunu bildirmişdilər. Onlar əməllərindən səmimi peşmançılıq keçirərək etdikləri hərəkətlərə görə üzr istəmiş və bir daha belə “zarafat”lar etməyəcəklərinə söz vermişdilər.

E.Emkiyevə və M.İsmayılova ciddi xəbərdarlıq edildikdən sonar sərbəst buraxılmışdılar. O vaxt İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu məlumatı yayaraq məsələyə aydınlıq gətirmişdi”.

DİN rəsmisinin sözlərinə görə, bu məlumatın üstündən bir ildən də çox vaxt keçəndən sonra, yəni dünən bəzi xəbər portallarında və sosial şəbəkələrdə eyni məzmunlu məlumat yayıldı ki, yenə kimsə böyrəyin satır.

E. Zahidov onu da qeyd edib ki, bu dəfə də DİN rəhbərliyinin göstərişi əsasında dərhal araşdırmalara başlanıldı və məlum oldu ki, elanlar da, orada göstərilən mobil telefon nömrələri də, elanların asıldığı yer də ötənilkidir. Sadəcə kimlərsə, o vaxt saytlarda getmiş həmin xəbəri eşələyib çıxarıb və yenidən yayıb. Çox təəssüflər olsun ki, bəzi “qazdan ayıq” xəbər saytları da bu məlumatın köhnəliyini tuta bilməyib, dəqiqləşdirmə aparmadan, mahiyyətinə varmadan dərhal “şok xəbər” kimi yayıblar.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti