`Azərbaycanda devalvasiyaya ehtiyac var`

`Azərbaycanda devalvasiyaya ehtiyac var`
  05 Oktyabr 2015    Oxunub:4682
“Manatın məzənnəsinin qoruyub saxlamaq üçün Mərkəzi Bank müəyyən qədər vəsait xərcləyir. Bu baxımdan Mərkəzi Bankın ehtiyatlarında kəskin azalma gedir”.
Bunu AzVision.az-a açıqlamasında iqtisadçı millət vəkili Vahid Əhmədov deyib.

Deputat hesab edir ki, Mərkəzi Bankın ehtiyatlarının azalması yaxşı hal deyil: “Çünki bu vəsait digər banklara yardım etmək və digər məqsədlər üçün lazımdır. Hesab edirəm ki, Azərbaycanda yumşaq devalvasiyaya ehtiyac var. İndi də olmasa növbəti ilin birinci yarısında buna getmək lazımdır. Çünki manat bazarda öz həqiqi qiymətini almalıdır. Manatın qorunub saxlanmasını hər zaman təqdir etmişəm. Amma dünyada baş verən siyasi proseslər, neftin qiymətinin kəskin azalması bunu labüd edir”-deyə iqtisadçı millət vəkili vurğulayıb.

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov növbəti devalvasiyanın gözlənilməsi məsələsinə münasibət bildirib.

Nazir qeyd edib ki, bu gün bu məsələyə cavab vermək bir az tez olar: “Amma mənim fikrimcə, hal-hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq. Devalvasiya öz-özlüyündə müəyyən bir makroiqtisadi alətdir və büdcə-fiskal siyasəti baxımından bu alət çox təsiredici bir alətdir. Amma bunun mənfi tərəfləri də var. Bunlar ilk növbədə ondan ibarət ola bilər ki, bu proseslər inflyasiya səviyyəsini artıra bilər, bu da əhali üçün əlverişli deyil. Ona görə heç bir dövlət devalvasiyanı arzuolunan makroiqtisadi tədbir kimi qəbul etmir. Adətən, bu, qaçılmaz bir tədbir olur, bizdə də belə oldu”.

Nazir fikrinə əlavə edib ki, bazar iqtisadiyyatında milli valyutanın mübadilə məzənnəsi bir çox faktorlardan asılıdır - ilk növbədə tədiyyə balansının vəziyyətindən. Tədiyyə balansı da ki, xarici valyuta daxilolmalarından asılıdır: “Bizim əsas ixrac məhsulumuz və müvafiq olaraq valyuta daxilolmalarımızın əsas mənbəyi neftdir. Ona görə, şübhəsiz ki, bizim mübadilə məzənnəmiz neft gəlirlərindən asılı olaraq buna xeyli həssasdır. Lakin hal-hazırda biz hesab edirik ki, tədiyyə balansımızda o qədər böyük problemlər mövcud deyil və manatın məzənnəsində, indiki durumda, böyük risklər gözlənilmir. Lakin yenə də deyirəm, bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, bazarda baş verən proseslər daim nəzərdən keçirilməlidir və heç kəs, heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit olaraq qalacaq”

Xatırladaq ki, bu ilin sentyabr ayının yekununa görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 44,2 milyon dollar təşkil edib. Bu, avqust ayının yekunu ilə müqayisədə 3,7% və yaxud 271,2 milyon dollar azdır. Son 1 ildə AMB-nin valyuta ehtiyatları 53,2%, ilin əvvəlindən bəri isə 48,8% azalıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti