Dərmanların qiyməti ucuzlaşdı

Dərmanların qiyməti ucuzlaşdı
  06 Oktyabr 2015    Oxunub:2933
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
Tarif (qiymət) Şurasının Katibliyindən AzVision.az-a verilən məlumata görə, Şuranın 2015-ci il 5 oktyabr tarixində keçirilmiş növbəti iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib. Bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 2015-ci il 6 oktyabr tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.

Ümumilikdə isə indiyədək 2183 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bununla da satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 28 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə isə satışda olan dərman vasitələrinin 98 faizi üzrə qiymətlər endirilib.

Şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Bununla yanaşı, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə sənədlərin (bəyannamələrin) qəbulu elan edilib və oktyabr ayının 20-si sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən olunub.

Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti