Qorxurdunsa pişikdən, niyə çıxdın deşikdən?

Qorxurdunsa pişikdən, niyə çıxdın deşikdən?
  18 İyun 2013    Oxunub:1591
Etibar Hüseynov

Demişdim axı, bu Milli Şuranı ki müxalifət yaratdı, indən belə darıxmayacaqsınız. Dediyim kimi də oldu. Uzun aylardan bəri vurhavurla reklam olunan Milli Şuranın əslində məzə yığıncağından başqa bir şey olmaması elə ilk günlərdəcə üzə çıxdı.
Əksəriyyəti keçmiş atılmışlar və satılmışlardan ibarət olan bu toplantı məntəqəsi qorxusundan Azərbaycana gələ bilməyən Rüstəm İbrahimbəyovu özünə sədr seçdi. O da öz növbəsində Moskvadan onlara bir “spasibo” göndərib dedi ki, bəs yollanır Avropa və Amerika turnesinə. Diqqət yerirdinizmi, Azərbaycan xalqının içinə yox ha, Avropa və Amerikada dəstək dalınca yollandı. Sanki bunlara mandatı Azərbaycan xalqı deyil, avropalılar və ya amerikalılar verir.

Şura Rüstəm bəyi sədr seçəndən sonra guya prezidentliyə vahid namizədini də elan etməliydi. Amma bütün inadlara baxmayaraq, bunu etmədi. Və elan etdilər ki, bu məsələyə indi baxası olsalar, onda bu şura elə buradaca yenidən parçalana bilər. Və yekdilliklə bu qərara gəldilər ki, vahid namizəd məsələsi saxlanılsın sonraya.

Amma nə baş verdi. Deməli, bu qərardan heç 1 həftə keçməmiş məlum oldu ki, şuranın əsas təsisçilərindən sayılan Müsavat başqanı İsa Qəmbər başlayıb seçki təbliğatı kampaniyasına. Və gedir Binəqədi sakinləriylə görüşə. Bu xəbərdən şoka düşən Şuraçılar özlərinə gəlməmiş yeni bir stress yaşamalı oldular. Belə ki, Şuranın digər əsas təsisçilərindən sayılan Liberal Partiyasının sədri, xanım Lalə Şövkət bəyanat verdi ki, bəs onlar prezidentliyə namizəd kimi Rüstəm İbrahimbəyovu müdafiyə edəcəklər. Və bu da onların son və qəti qərarıdır. Maraqlıdır, əgər bu şurada hərə özbaşına qərar qəbul edəcəkdisə, bəs bu bir sürü satılmış və atılmışları bir yerə toplamağa nə hacət var idi? Bu 129 nəfəri ki, adam yerinə qoymayıb hərəniz öz bildiyinizi yapacaqdınızsa, onda onları niyə yığırdınız həmin o şuraya?

Mənə elə gəlir ki bütün bu saymazlıqdan sonra özünə, öz şəxsiyyət və ləyaqətinə azacıq da olsa, hörmət eləyən bir adam həmən şurada qalmaz. Qaldısa, deməli bir dekorasiyadan, butafor əşyasından, vitrin manekenindən, Ərdoğan demişkən, çapulcudan özgə bir şey deyil. Bax, elə bu cür manekenə çevrilməmək üçün də Rauf Arifoğlu, Pənah Hüsyen, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Etibar Məmmədov və bir çox başqaları həmin şurada təmsil olunmaq təklifinə rədd cavabı vermişdilər.

Müxalifət düşərgəsinin digər simalarından Əli Kərimli isə qalıb ortalıqda gözlərini döyə-döyə. Bilmir hansı tərəfə baxa. Çünki bu adamla heç kəs hesablaşmır. Heç kəs onu saya salmır. Burada bir haşiyə çıxıb, onu deyim ki, mənim bu baş verənlərin fonunda ilk dəfə olaraq Əli Kərimliyə sözün həqiqi mənasında yazığım gəldi. Bunun niyəsini gələn dəfə ətraflı açıqlayacam. İndi isə qayıdaq mətləbə. O mətləbə ki, görəsən, nəyə görə şura üzvləri vahid namizəd məsələsini iclas zamanı təxirə salsalar da, sonradan hər biri özfəaliyyət formasında bunu elan etməyə başladılar.

Əslində bu, elə belə də olmalıydı və başqa cür də ola bilməzdi. Çünki hamıya məlum idi ki şuranın iclasında məhz Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürüləcək. Və yerdə qalanlar da bunu müdafiə etməli olsaydı, onda nə baş verəcəkdi. Əvvəla, cəbhəçilər yapışacaqdılar İsa Qəmbərin yaxasından ki, bəs sən öz namizədliyini belə güzəştə gedən idinsə, onda niyə bunu 98-ci ildə özünə lider saydığın Əbülfəz Elçibəyə etmədin? Bəyəm dünənki kinoçəkən “ruskoyazıçnı” Rustam İbraqimbekov Əbülfəz Elçibəydən önəmlimi çıxdı, ay kitafsız?

Ancaq məsələ bununla da bitməyəcəkdi. Bu vurhavurda müsavatçılar da öz növbəsində yapışacaqdılar Əli Kərimlinin yaxasından ki, ay imansız, 3 ildir ictimai palatkada sənə yalvarırdıq ki, iddiandan əl çək, qoy İsa Qəmbər vahid namizəd olsun, amma sən daşı ətəyindən tökmürdün, indi nə oldu bir kinoçəkən sənə İsa Qəmbərdən əziz oldu? Bəs onda Kərimli müsavatçılara nə deyəcəkdi, görəsən?

Bax, ona görə də bunların hər biri yenicə səs verib təsis etdikləri şuranın qərarlarına tüpürmək belə istəmədən başladılar özfəaliyyətə. O ki qaldı Lalə Şövkətin tələm-tələsik Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməsinə, burada da məsələ gün kimi aydındır. Hamının yadındadır ki, 2005-ci il parlament seçkilərindən bir qədər sonra Lalə Şövkət boykot qərarını pozan müsavatçılara “satqın” dedi. Buna cavab olaraq isə, İsa Qəmbər də Lalə Şövkəti “Rusiyanın agenti” adlandırmışdı. Həmin ərəfədə Əli Kərimli növbəti dəfə xəyanətə imza ataraq, Lalə Şövkəti tərk edib, İsa Qəmbərə sığınmışdı. Təbii ki, bütün bunları ərköyün xanım yaddan çıxara bilməzdi. Və öz qisasını almaq üçün münasib məqamı gözləyirdi. Və yaranan fürsətdən məharətlə istifadə edən Lalə Şövkət həm İsa Qəmbərə, həm də Əli Kərimliyə qurşaqdan aşağı zərbəsini vurdu. Oyunun gedişini və şuranın planlarını pozdu. Müxalifəf düşərgəsinin daxilində yenicə yaranan saxta birliyi alt-üst etdi.

Bu qarmaqarışıq vəziyyətdə Rüstəm İbrahimbəyovun verdiyi açıqlama vəziyyəti lap korladı. Belə ki, Amerikada BBC-nin Rusiya bürosuna müsahibə verən İbrahimbəyov bildirib ki, həbs olunmaqdan da, ölməkdən də qorxur. Ona görə də, yaxın aylarda Bakıya gəlmək fikri yoxdu.

Yeri gəlmişkən, bu fikrə sosial demokratların sədri Araz Əlizadənin münasibəti maraqlı olub. Əlizadə İbrahimbəyova “qorxurdun pişikdən, niyə cıxırdın deşikdən” ismarıcını yollayıb. Hələliksə Rüstəm “məllim” Amerikada Rəsul Quliyevin yanındadır. Yəqin ki, Rəsul Bayramoviçdən Amerikada oturub “marionet” oynatmağin yollarını öyrənir. Çunki Quliyevin bu baxımdan 20 ilə yaxin staji var.

Bu da müxalifətin uzun vaxtdan bəri “dambadurum”la təqdim elədiyi Milli Şurası. Bu dəmdə bir dostumun bu münasibətlə dediyi sözü yadıma düşdü: “Arım var, arım var... - eşşək arısı”. Ay dovşan yesin sizin Milli Şuranızı ha...




Teqlər:  





Xəbər lenti