Bakıda maşın sürməyin rahat yolu - Təkliflər

  06 Oktyabr 2015    Oxunub : 2120
Bakıda maşın sürməyin rahat yolu - Təkliflər
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda maşınların hərəkətinin rahatlaşdırılması üçün təkliflər hazırlayıb.
AzVision.az xəbər verir ki, bu barədə milli.az-a NİİM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəriŞəfa Mehmanqızı məlumat verib. Onun sözlərinə görə, paytaxtın yol-nəqliyyat sistemindəki bəzi problemlərin aradan qaldırılmasını nəzərdə tutan təkliflər Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-yə, DİN-in Dövlət Yol Polisi İdarəsinə və bəzi müddəalar üzrə də Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) təqdim edilib.

Təkliflər paketinə əsasən, Bakı şəhərinin inzibati ərazisi daxilində bir sıra küçə və prospektlərdə yol-nəqliyyat sisteminin dəyişdirilməsi nəzərdə tutulur.

Məsələn, paytaxtın Mətbuat prospekti ilə Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsi işıqforun üçfazalı rejimi ilə nizamlandığına və Mətbuat prospektində nəqliyyat vasitələrinin sayı çox olduğuna görə günün əsasən pik saatlarında tıxac yaranır. Aparılan müşahidələr nəticəsində məlum olub ki, Mətbuat prospekti ilə Badamdar istiqamətində, eləcə də 20 Yanvar dairəsi istiqamətində kəsişməyə daxil olan nəqliyyat vasitələrinin sayı səhər və axşam pik saatlarında həddindən artıq çox olur.

Araşdırmalardan sonra A.M.Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməyə yaxın hissəsində yerləşən avtobus dayanacağının işıqforun üçfazalı rejiminin iki fazasında Mətbuat prospekti istiqamətində sağa dönən nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratması müəyyənləşdirilib və avtobus dayanacağının yerinin dəyişdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət olunub. Lakin adıçəkilən ərazidə dayanacağın yerinin hələ də dəyişdirilməməsi, kəsişməyə daxil olan nəqliyyat vasitələrinin hərəkətində ciddi maneə yaradır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Mətbuat prospekti ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində sıxlığın aradan qaldırılması məqsədilə bir sıra təkliflər hazırlanıb:

"Təklif edilir ki, Mətbuat prospektindən sağa, A.M.Şərifzadə küçəsi istiqamətində "cib"in yaradılması, A.M.Şərifzadə küçəsindən A.Sultanova küçəsi istiqamətində düzünə və Qələbə dairəsi istiqamətində sola, Mətbuat prospektinə hərəkət edən nəqliyyat vasitələrini sağa (Mətbuat prospekti ilə Badamdar istiqamətinə) yönləndirərək 300 metr irəlidə (yük avtomobilləri istisna olmaqla) geriyə dönmə təşkil edərək dönməsini təmin etmək, Mətbuat prospektindən Qələbə dairəsi istiqamətində təklif olunan geriyə dönmədən istifadə edən nəqliyyat vasitələrinin hərəkətində maneə yaranmaması üçün yolun sağ tərəfində bir zolağın əlavə olunması, qeyd edilən kəsişmədə işıqforun üçfazalı idarəetmədən ikifazalı idarəetməyə keçirilərək vaxt planı ilə idarə edilməsi təklif edilir".

NİİM rəsmisinin sözlərinə görə, ümumilikdə təkliflər paketində 9 məsələ yer alıb: "Onlardan biri də budur ki, Yusif Səfərov küçəsində geriyə dönmənin daha səlis təşkil olunması məqsədilə genişləndirilmənin təşkil edilməsini təklif edirik.

Bundan başqa, Babək prospektində, yolötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri (Babək prospekti kənar yol və Bəkir Çobanzadə küçəsi istiqamətinə doğru hərəkət etmək istəyən nəqliyyat vasitələri) yolötürücünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurlar ki, nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində tıxac və qəza halları baş verir. Ona görə də yolötürücünün alt hissəsində nəqliyyat vasitələrinin sağa dönməklə, sxemdə göstərildiyi qaydada Bəkir Çobanzadə küçəsinə çıxışının təşkil edilməsi və sağa doğru manevr edən nəqliyyat vasitələrinin sağdan gələn nəqliyyat vasitələrini aydın görə bilməsi məqsədilə yolun birləşmə hissəsində yol güzgüsü yerləşdirilməsi təklif edilir.

NİİM həmçinin M.K.Atatürk prospekti ilə Akademik Həsən Əliyev küçəsinin kəsişməsində Akademik Həsən Əliyev küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin geriyə dönməsinin təşkili məqsədilə yolötürücünün üzərində geriyə dönmənin yaradılmasını təklif edir".

Ş.Mehmanqızı əlavə edib ki, paytaxtın Nəsimi rayonu, 4-cü mkr dairəsində, Cavadxan küçəsi və 20 Yanvar küçəsi istiqamətindən gələn nəqliyyat vasitələrinin bir qismi dairədən sola dönüb, Hüseyn Seyidzadə küçəsinə doğru hərəkət edən zaman dairədəki nəqliyyat vasitələri ilə konflikt yaradır ki, bu da bir çox hallarda qəza hallarının yaranmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, Cavadxan və 20 Yanvar küçələri istiqamətindən dairəyə doğru hərəkət edib (sayının çox olmadığını nəzərə alsaq), sola dönmək istəyən nəqliyyat vasitələrinin dairədən sola dönməsini qadağan edib, irəlidən, Cavadxan küçəsindən, geriyə dönməsinin təşkil edilməsi təklif edilir.

Həmçinin, Xətai prospekti ilə Heydər Əliyev prospekti istiqamətinə doğru hərəkət edən nəqliyyat vasitələrinin qeyd olunan prospektlərin birləşmə hissəsində isə geriyə dönmə əməliyyatını yerinə yetirməsi üçün heç bir şərait yoxdur. Xətai prospekti ilə hərəkət edib əks istiqamətə dönmək istəyən nəqliyyat vasitələri ya Babək prospektindən, ya da Yusif Səfərov küçəsindən istifadə etməli olurlar ki, nəticədə xeyli məsafə qət edirlər. Bunu nəzərə alaraq, Xətai prospekti ilə H.Əliyev prospektinin birləşmə hissəsində, yolötürücünün altında, nəqliyyat vasitələrinin geriyə dönməsinin sxemdə göstərildiyi qaydada təşkil edilməsi təklif edilir.

Eləcə də, şəhərin "Statistika" dairəsində nəqliyyat vasitələrinin sərbəst hərəkət etməsi üçün müəyyən araşdırmalar aparılıb. Araşdırmaların nəticəsi olaraq, NİİM A.Mirzəyev küçəsindən Statistika dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəyə daxil olmasının yeni adacığın yaradılması ilə tam məhdudlaşdırılmasını məqsədəmüvafiq sayır. Eləcə də, B.Bağırova küçəsinin girişində quraşdırılmış birtərəfli hərəkət nişanını nəzərə alaraq, girişdə hazırlanmış heç bir əhəmiyyət kəsb etməyən adacığı götürüb yeni adacıq yaratmaqla nəqliyyat vasitələrinin B.Bağırova küçəsindən İnşaatçılar prospektinə daxil olmasını tam məhdudlaşdıraraq hərəkətin təşkil olunması təklif edilir.

Bundan əlavə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nazim İsmayılov küçəsi ilə İnşaatçılar küçəsinin kəsişməsi nizamlanmayan yolayrıcı hesab olunduğundan, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranır ki, bu da bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Mərkəzin araşdırmaları əsasında qeyd olunan yol kəsişməsində yol hərəkətinin təhlükəsiz təşkil edilməsi və yarana biləcək qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə İnşaatçılar küçəsində Nazim İsmayılov küçəsinə doğru hərəkət istiqamətində (2.1) "Baş yol üstünlük" nişanı, Məmmədhəsən Hacınski küçəsində Nazim İsmayılov küçəsinə doğru hərəkət istiqamətində (2.5) "Dayanmadan keçmək qadağandır" üstünlük nişanı, Nazim İsmayılov küçəsində isə İnşaatçılar küçəsinə doğru hərəkət istiqamətində (2.1) "Baş yol üstünlük" nişanı və (7.13) "Baş yolun istiqaməti" əlavə məlumat nişanının quraşdırılmasını təklif edir.

Ş.Mehmanqızı bildirib ki, Bakı şəhəri ərazisində yerləşən bir çox yanacaqdoldurma məntəqələri (YDM) və digər obyektlərdən, nəqliyyat vasitələrinin giriş-çıxış hissələrinin kənarları iti bucaq formasında olduğu üçün avtomobillər giriş və çıxış etdikləri zaman geniş manevr edirlər ki, bu da yolun iki hərəkət zolağından birinin anidən tutulmasına, eləcə də hərəkətdə olan və arxadan gələn digər nəqliyyat vasitələrinin sərbəst hərəkət etməsinə maneə yaradır:

"Nümunə üçün, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda "Azpetrol" YDM-də və eləcə də "ASAN" Xidmət Mərkəzinin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdə analoji hal yaşandığından, yol-nəqliyyat hadisəsinin baş verməməsi və tıxac hallarının yaranmaması üçün NİİM tərəfindən əraziyə baxış keçirilib, yolun hərəkət hissəsinin ölçüləri və qeyd olunan istiqamətlərdən istifadə edən nəqliyyat vasitələrinin sayı əsas götürülüb. Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, şəhərin mərkəzi istiqamətində, "Azpetrol" YDM-dən çıxış üçün salınmış yolun eni 10,5 metr, yolun hərəkət hissəsinin eni isə 7,2 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı 41941 avt/gün təşkil edir. Qarşı tərəf isə Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, "Koroğlu" metro stansiyası istiqamətində "Azpetrol" YDM-dən çıxış üçün salınmış yolun eni 8 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı isə 35325 avt/gün təşkil edir. Yuxarıda qeyd edilənlərə və tərəfimizdən aparılan araşdırmalara uyğun olaraq, Bakı şəhəri ərazisində yerləşən bir çox YDM-dən və digər obyektlərdən, eləcə də Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda yerləşən "Azpetrol" YDM və "ASAN" Xidmət mərkəzinin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdən giriş-çıxış üçün yolun kənarlarının ovalşəkilli edilməsi təklif edilir".

NİİM-in şöbə müdirinin fikrincə, əgər təklif qəbul edilərək reallaşsa, paytaxtda avtomobil sürmək əməlli-başlı rahatlaşacaq.

Teqlər: