Universitet və xəstəxanalar özəlləşdirilə bilərmi?

Universitet və xəstəxanalar özəlləşdirilə bilərmi?
  07 Oktyabr 2015    Oxunub:2047
Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib.
Müzakirələr zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev dövlət universitet və xəstəxanalarının özəlləşdirilməsini təklif edib.

AzVision.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov deputatın təklifinə cavab olaraq bildirib ki, burada heç bir qadağa yoxdur.

"Dövlət lisenziyalar verir. Özəl sektorun iştirakı qadağan edilməyib. Lakin bunun nə qədər səmərəli olduğunu qiymətləndirmək bir qədər tezdir. Bələdiyyələrə də xəstəxana tikmək qadağan deyil. Xəstəxanaya ehtiyac varsa, bələdiyyə aça bilər. Hesab edirəm ki, indi kifatyət qədər səhiyyə müəssisələri fəaliyyət göstərir ki, onların işini səmərəli etməklə bir çox məsələləri həll etmək olar"

Ali təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı təklifə gəlincə nazir son islahatlardan sonra artıq bir çox dəyişikliklər olduğunu deyib.

"Artıq dövlət təhsil haqqlarını ödəmir. Biz ancaq bəzi tələbələrin təhsil haqqlarını ödəyirik. Dövlət və özəl müəssisələr arasında ayrıseçkilik artıq aradan qaldırılıb. Hazırda dövlət və özəl təhsil müəssisələri arasında fərq yalnız maddi-texniki bazadadır."

Nazir həmçinin xaricdə təhsil alan tələbələrin xərclərinin azaldılması ilə bağlı fikirlərə də cavab verib. Onun sözlərinə görə, hazırda 2007-2015 dövlət proqramı çərçivəsində 3185 nəfər xaricdə təhsil alır. Onların xərcləri hər il artırılıb və bununla müvafiq xərclər tam maliyyələşdirilib.

"2008-ci ildə 5 mln., sonra 10 mln. manat, daha sonra 15 mln. manat, 20 mln. manat, 34 mln. manat və 44 mln. manat vəsait ayrılıb".

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti