MSK şikayətlərə baxdı

  07 Oktyabr 2015    Oxunub : 1142
MSK şikayətlərə baxdı
Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, əvvəlcə MSK-nın qərarı ilə 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.

Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Komissiyanın üzvü Arifə Muxtarova deyib ki, 95 saylı Tərtər Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Pünhanə Əliyeva namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmamasından şikayət edib. DSK imzaları təqdim edilən 114 nəfərin həmin seçki dairəsinin ərazisində yaşamadığını əsas götürərək P. Əliyevanın namizədliyini qeydə almayıb. MSK-nın işçi qrupu P. Əliyevanın şikayətini əsassız sayıb. Məsələ səsverməyə çıxarılıb və MSK 95 saylı Tərtər DSK-nın qərarını qüvvədə saxlayıb.

MSK 41 saylı Sumqayıt İkinci Seçki Dairəsindən namizədliyi AMİP tərəfindən irəli sürülmüş Bünyamin Əhmədlinin müvafiq DSK tərəfindən vaxtın ötdüyü iddia olunaraq təqdim etdiyi imza vərəqələrinə baxılmaması barədə şikayətini isə əsaslı sayıb. MSK DSK-nın namizədin təqdim etdiyi imza vərəqələrini araşdırması barədə qərar verib.

8 saylı Binəqədi İkinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürülmüş Ağasif İbrahimov (Şakiroğlu) və 72 saylı Masallı-Yardımlı Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Malik Abıyevin müvafiq DSK-lar tərəfindən namizədliklərinin qeydə alınmaması barədə şikayətləri əsassız sayılıb və DSK-ların qərarları qüvvədə saxlanıb.

Teqlər: