2013-cü ilin ötən dövründə 105 fərdi yaşayış evi tikilərək istifadəyə verilib
2010-cu ilin yaz aylarında Kür və Araz çaylarının daşması nəticəsində təbii fəlakətdən zərər çəkmiş vətəndaşlar üçün ölkə başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına 2013-cü ilin ötən dövründə 105 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Ümumilikdə isə 2010-cu ilin sentyabrından başlayaraq daşqınlardan ziyan çəkmiş Sabirabad, Salyan, Saatlı, İmişli, Zərdab, Kürdəmir, Hacıqabul, Neftçala, Beyləqan, Füzuli rayonlarında və Şirvan şəhərində 4200-dən çox fərdi yaşayış evi tikilərək istifadəyə verilib. AzVision.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında deyib : " Təmir və bərpa işlərinin aparılması nəzərdə tutulan 95 sosial ictimai obyektdən 40 obyekt yenidən tikilərək istifadəyə verilib, 52-si təmir olunub, 3 obyekt üzrə bərpa-gücləndirmə işləri aparılıb.
F. Tağızadə 2012-ci ilin may ayında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində dövlət büdcəsindən mütəxəssislərdən ibarət komissiyalara ayrılmış vəsait hesabına görülən işlərdən də danışıb: "Bu ilin 1 ayına qədər komissiyalar tərəfindən 58338 yaşayış evinə, 302 kommunal mənzilli yaşayış binasına və 516 ictimai sosial obyektə baxış keçirilib. Onlardan 5848 fərdi yaşayış evinin, 90 kommunal çoxmənzilli yaşayış binasının və 127 ictimai sosial obyektin qəzalı vəziyyətdə olduğu aşkarlanıb. Həmçinin 11061 fərdi yaşayış evinin, 50 kommunal çoxmənzilli yaşayış binasının və 125 ictimai sosial obyektin bərpasının, o cümlədən 23833 fərdi yaşayış evinin, 85 kommunal çoxmənzilli yaşayış binasının və 183 ictimai sosial obyektin təmirinin məqsədəuyğunluğu, 17500-dən çox fərdi yaşayış evinin, 77 kommunal çoxmənzilli yaşayış binasının və 81 ictimai sosial obyektin isə qənaətbəxş vəziyyətdə olduğu müəyyən edilib".